AZ

Xarici işlər nazirinin Peter Siyyarto ilə təkbətək görüşü başa çatıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyyarto ilə təkbətək görüşü başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkbətək görüşdən sonra nazirlərin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Azərbaycan və Macarıstan xarici işlər nazirləri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsini qiymətləndirib və dostluq, ortaq maraqlar, eləcə də intensiv siyasi dialoqla möhkəmlənən dinamiki inkişafını müzakirə ediblər.

Görüşdə ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər bu istiqamətlər üzrə yeni əməkdaşlıq imkanlarının açılmasının vacibliyini xüsusi vurğulayıblar.

Macarıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı, o cümlədən Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasına verdiyi töhfə yüksək qiymətləndirilib.

Azərbaycan tərəfi Macarıstanın Türk dünyasında aktiv rolunu, həmçinin BMT, ATƏT və digər beynəlxalq platformalarda aparılan sıx koordinasiyanı yüksək dəyərləndirdiyini bildirib.

Görüşün yekununda Macarıstanın Energetika Nazirliyi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclasının Protokolu imzalanıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr