AZ

Monarxiyanın əsasları

Dördüncü  yazı

 "Ümumxalq Məclisi"nin fəlsəfəsi və dövlət siyasətində tarazlı iştirakın  əsasları

İlk növbədə qeyd etmək yerinə düşər ki, dövlət insan üçündür. Bu baxımdan da ali dəyərdir. Yaxşı, belə olan halda dövlətin sağlam olması, yüksək səviyyədə xidmət etməsi üçün onda iştirak edən, onu təşkil edən insanların da paklığı, saflığı, dürüstlüyü lazım gəlir. Dövlət onda iştirak edənlərin şərəfindən öz şərəfini götürür.  Bu yöndə dövlətin fəaliyyətinin ictimai və hüquqi bazasını təşkil edən konstitusiya da dövlətin və xalqın şərəfini və ləyaqətinin qoruyucusu kimi çıxış edir. Konstitusiya insanların, şəxslərin dövlətdə tarazlı, əlaqəli işləməsinin və iştirakının əsaslarını müəyyən edir. İştirak paylarını və iştirak səviyyəsini müəyyən edir.  Konstitusiya maddi və mənəvi varlığın mövcudluğunu hüquq normaları ilə təsdiq və təsbit edir, sübuta yetirir və təminatı sahələrini ayırd edir. Konstitusiya formaca müəyyən edən və həll edən bir sənəddir. 

Konstitusiya insanların, azadlığını, sərbəstliyini,  ləyaqətini, şəxsiyyətini, nüfuzunu qoruyan və təmin edən  hüquq normaları sistemindən ibarət olan bir topludur.  Dövlətin və xalqın hüquqi və siyasi, mədəni mahiyyətini bir arada cəmləşdirən və bütöv şəkildə təqdim edn ali və ümumiləşdirici bir Aktdır, sənəddir.  Dövlət idarəçiliyi üçün  hüquq və siyasət formulası və standartıdır.  Tətbiq olunan və tətbiq edən, yol göstərən  qaydalar məcmusudur. Dövlət siyasəti məhz bu ana xətlə,  formula ilə müəyyən olunur və icra edilir. Konstitusiya onu təmin edir ki, vətəndaşlar özlərinin milli kimliklərini, ictimai, mədəni və siyasi statuslarını dərk etsinlər. İctimai və siyasi vəzifə, öhdəlik və məsuliyyət hiss eləsinlər.  Ümumiyyətlə, siyasətin ruhu konstitusiyadadır.

Konstitusiya dövlət başçısının rəhbərliyini və idarəçiliyini kollegial, bölgülü və tarazlı əsasda təqdim edir və  demokratik bölgülü idarəçilik rejimlərinin hüquqi və siyasi tərəflərini müəyyən edir. Konstitusiyalı parlamentar monarxiyalı idarə üsullarında monarxın səlahiyyətləri hakimiyyətin qolları ilə bölüşdürülmüş formadadır və bu da özlüyündə monarxın mütləqliyini, təkhakimiyyətliliyini inkar edir.

Konstitusiyalı parlamentar monarxiyalarda da monarx xalqın baza hüquqlarının və ləyaqətinin qorunmasına zəmanət verən ali rəhbərdir. O, konstitusiya səlahiyyətlərindən irəli gələrək dövlət adından xalqın şəxsiyyətini qoruyur, təmin edir və hörmətdə saxlayır. O, bu addımları konstitusiya ilə ona verilmiş hüquq və səlahiyyətlər çərçivəsində həyata keçirir. Monarx xalqın və dövlətin əsas simasına çevrilir. Monarx bu səlahiyyətlərini  "Ümumxalq Məclisi" yolu ilə həyata keçirir və sanki məsuliyyətin ağırlıq yükünü  özündən "boşaldır" və xalqın seçkili nümayəndələrinin çiyinlərinə qoyur.  

Xalq özünü dövlət quruluşu, idarəetmə formasının strukturları, sistemi və mexanizmisi vasitəsilə idarə edir. Xalqın özünü idarə etməsi xalqın demokratiyası, hakimiyyəti adlanır. Xalqın hakimiyyəti qərarların birgə qəbulunda və kollektiv şəkildə  icrasında özünü təsdiqləyir.    Xalqın hakimiyyəti onun strukturlar, aparatlar, siyasət mərkəzləri, siyasət institutları vasitəsilə maraqlarının təmin olunmasına yönəlmiş normativ aktlarla formalaşır. Aktlara qanunvericilik sənədləri, vasitələri kimi baxılır. Referendum aktları, qanunlar və qanunqüvvəli aktlar müəyyənedici, həlledici, maraqları ümumi və məxsusi kateqoriyalar üzrə bölücü, subyektlər və obyektlər üzrə təsnifedici mahiyyət kəsb edirlər. Qanunvericilik mahiyyətcə hüquqları normalara salan, qaydalar müəyyən edən prinsipləri özündə ehtiva edir.    Qanunverici hakimiyyət orqanı olan məclislər, şuralar ali və  mərkəzi  funksiya yerinə yetirirlər.  Nəzərə almaq lazımdır ki, dövlət hüququ insan hüquqlarını təmi etmək üçün insanlar tərəfindən müəyyən edilmiş vəzifə və səlahiyyətlərin, məsuliyyət və öhdəliklərin məcmusudur. Bu amillər normalarla, standartlar və  qaydalarla müəyyən olunur.

Dövlət birgəyaşayış modelidir. Özü qərar qəbul edir və icrasını da təmin edir. Qərarlar qəbul etməklə axarlar üçün yönlər müəyyənləşdirir. Dövlət özü öz taleyini müəyyən edir. Bir  model olaraq  təşkilatlanmanı, birləşməni  şərtləndirir. Birgəyaşayış modeli qərarların məhz  birlikdə-vəzifə və məsuliyyətlərin bölgüsü yolu ilə,  müəyyən olunmasını şərtləndirir. Kollektiv qərarlar ümumi maraqların təmin olunmasına hədəflənir. Kollektiv qərarlar dövlətin hakimiyyət qollarında qəbul olunur. Qanunverici, icraedici və məhkəmə hakimiyyətində qərarlar birlikdə qəbul olunur. İdeyalar, təşəbbüslər, təkliflər kollektivçiliklə müəyyən olunur. Kollektiv müzakirələr dövləti və onun hakimiyyətini insan üçün doğma edir. Konstitusiyal parlamentar monarxiyalarda parlamentin böyük funksiya və səlahiyyətləri xalqın demokratiyasının ən yüksək təntənəsidir. Digər aspektdə, nümayəndəlik fəlsəfi konsepsiyası da vasitəli demokartiyanın əsaslarını meydana gətirir. Qərarların kollektiv qəbul olunması demokratiyanın, institutsional idarəçiliyin əsaslarını özündə ehtiva edir.  Qərarlar sistemli, yəni səbəb və nəticə kateqoriyaları üzrə, zaman və məkan, mənsubluq, məxsusluq, aidiyyatlılıq prinsipləri ilə qəbul olunur. "Ümumxalq Məclisi"nin fəlsəfəsi ondan ibarətdir ki, burada  şərti olaraq qeyd etsək, ali, orta və aşağı, həm də fərqli  düşüncəyə malik olan şəxslər dövlət hakimiyyətində  tarazlıqla təmsil  oluna bilirlər. Hər bir şəxs öz düşüncəsi dərəcəsində proseslərə münasibət bildirmək iqtidarında olur.  İradə ümumi əsaslarla birləşir, vəhdət halını alır. Qərarlara olan münasibət, hadisələrlə bağlı mövqe özü elə demokratiyanın, yəni hakimiyyətdə təmsil olunmanın əsaslarını təqdim etmiş olur. "Ümumxalq Məclisi"ndə xalqın qabiliyyəti, bilik və bacarığı, ictimai məfkurəsi, siyasi düşüncə tərzi formalaşa bilir. Məclisdə dövlət idarəçiliyinin ruhu, psixi əsasları əks oluna bilir. Məclisdə yerli, mərkəzi və ali hakimiyyət dövlət rəhbərliyi məfhumu ilə reallıqda birləşir. 

"Ümumxalq Məclisi" xalqın istəyini və arzusunu təmin edən bir mərkəzdir. Qayğısına qalan, diqqətdə saxlayan  nümayəndəli orqandır. Məclis belə  bir prinsiplə seçilir və formalaşır ki, xalqın sosial rifahı və xoşbəxtliyi üçün taktiki-cari və strateji xəritələri müəyyən etsin. Bu xəritələr də qanunlarda və dövlət proqramlarında, digər hüquqi aktlarda özünü ifadə etmiş olur. 

"Ümumxalq Məclisi"nin formalaşması seçki (dairələr və seçki məntəqələri üzrə)  və aidiyyatı qurumlar tərəfindən nümayəndələrin  göndərilməsilə (bu məsələdə də yenə seçki amili var. Kollektiv öz namizədini seçib göndərir) həyata keçirilir. Xalq bu yolla qanunverici və ictimai  məclisdə öz hakimiyyətini formalaşdırır. Bununla da Məclisə hüquqi səlahiyyət verir, onu fəaliyyət göstərən, öz vəzifə və funksiyaları olan quruma çevirir. Xalq Məclisə konstitusiya səlahiyyətlərini təqdim edir. Norveç Krallığının Konstitusiyasının  "Vətəndaşların hüquqları və qanunverci hakimiyyət" hissəsində yazılır ki, (maddə 49) vətəndaşlar iki bölmədən - Laqtinq və Odelstinq -ibarət olan Stortinq vasitəsilə qanunverici hakimiyyəti həyata keçirirlər. 50-ci maddəyə görə, seçki hüquqları Norveçin  o kişi və qadın vətəndaşlarına aid olur ki, məhz seçkilər ilindən gec olmayaraq onların yaşı 18-i tamamlamış olsun. Konstitusiyanın 75-ci maddəsinə görə Stortinqin bu kimi səlahiyyətləri mövcuddur:

-qanunların qəbulu və ləğv olunması;

-vergilərin müəyyən edilməsi və tətbiqi;

-dövlət maliyyəsi üzərində nəzarəti həyata keçirmək;

-Dövlət şurasından protokolları, bütün dövlət hesabatlarını və sənədlərin təqdim olunmasını tələb etmək;

-Kral və ailə üzvlərindən savayı,  dövlət işləri üzrə istənilən şəxsi məsuliyyətə cəlb etmək. Ancaq kral ailə üzvlərindən, şahzadələrdən dövləti  vəzifə tutanlar üçün bu tələb, yəni məsuliyyətdən kənarda qalmaq məsələsi, şamil olunmur;

-xaricilərə ölkə vətəndaşlığını vermək və s.

İsveç Krallığının Konstitusiyasının "Dövlət quruluşunun əsasları" adlanan Birinci başlığında (maddə 1) yazılır ki, İsveçdə bütün dövlət hakimiyyəti xalqdan gəlir. İsveç xalqının idarə olunması fikirlərin azad şəkildə formalaşmasına, ümumi və bərabər seçki hüququna əsaslanır. İdarəçilik dövlət quruluşu nümayəndəli və parlament sisteminə, eləcə də kommunal özünüidarəetmə sisteminə  əsaslanan dövlət quruluşu vasitəsilə həyata keçirilir.  Dövlət hakimiyyəti qanunlara müvafiq olaraq həyata keçirilir.  İkinci maddədə vurğulanır ki, dövlət hakimiyyəti ümumən bütün insanların ləyaqətinə hörmət etməklə, eləcə də fərdi qaydada hər bir şəxsin ləyaqət və azadlığına hörmət etməklə həyata keçirilməlidir. Fərdlərin (fiziki şəxslərin) müxtəlif cür şəxsi , iqtisadi və mədəni rifahı dövlət fəaliyyətinin əsas məqsədi olmalıdır. Dövlət əmək, yaşayış, həmçinin təhsil sahəsində bütün hüquqları, həmçinin sosial təminatı, təhlükəsizlik və yaxşı həyat şəraitini təmin etməkdə borcludur.   Cəmiyyət elə addımlar atmalıdır ki,  bütün ictimai sferalarda demokratik ideyalar istiqamətverici kimi qalsın. Cəmiyyət kişilərə və qadınlara bərabər hüquqlar təmin etməlidir, həmçinin şəxsi və ailə həyatının müdafiəsini təşkil etməlidir. Dördüncü maddəyə görə, Riksdaq xalqın ali təmsilçiliyidir.  Riksdaq qanunlar qəbul edir, dövlət vergiləri haqqında qərarlar qəbul edir, dövlət vəsaitlərinin istifadəsi üçün qaydalar müəyyən edir. Riksdaq dövlət idarəçiliyi və adminstrasiyası üzrə nəzarəti həyata keçirir. Beşinci maddəyə görə dövlət başçısı Kral, yaxud da Kraliçadır, hansı ki, İsveç taxt-tacında İrsi taxt-tac haqqında Qanuna görə əyləşir. Altıncı maddəyə görə isə dövləti Hökumət idarə edir. Hökumət Riksdaq önündə məsuliyyət daşıyır.

"Ümumxalq Məclisi" kollektiv iradənin ifadə olunduğu ali və mərkəzi bir qurumdur. Monarx xalqın təmsilçisi olaraq onun vahidliyini həm birbaşa, həm də Məclis vasitəsilə təmin edir.  Məclisdə xalqın idaelları formalaşır. Məclis xalqın əsas təqdimatçısı, təmsilçisi, mədəni aynası, əksi  rolunda çıxış edir. Ədalət və tarazlıq Məclislərdə müəyyən olunur. Çünki münasibətlərin, mövqelərin çulğaşmış, əlaqələndirilmiş əsasları məhz kollektiv müzakirə orqanlarında büruzə verir.

Yaponiya parlamentli  monarxiyasının 3 may 1947-ci il tarixli Konstitusiyası da diqqəti çəkir.  Girişində yazılır: "...Dövlət hakimiyyəti xalqın sarsılmaz inamına əsaslanır, onun nüfuzu xalqdan gəlir, onun səlahiyyəti xalqın nümayəndələri vasitəsilə həyata keçirilir, faydasını da xalq götürür. Bu-bütün bəşəriyyət üçün prinsipdir və mövcud konstitusiya ona əsaslanır. Biz bütün konstitusiya və qanunları, qanunqüvvəli aktları, həmçinin reskriptləri  ləğv edirik... Qeyd: reskript (rescript) monarxın, çarın özünün tabeliyində olanlara yazdığı  şəxsi məktuba verilən addır.  Konstitusiyanın Birinci başlığı İmperator adlanır. Birinci məqalədə yazılır ki, İmperator dövlətin simvoludur və Yapon xalqının  birliyidir və onun statusu suverenliyin məxsus olduğu bütün xalqın iradəsi ilə müəyyən edilir. İkinci maddədə qeyd olunur ki, İmperator tacı sülaləvidir və Parlament tərəfindən qəbul edilən İmperator ailəsi haqqında Qanuna müvafiq olaraq irsi keçir. Üçüncü maddə vurğulayır ki, İmperatorun dövlətlə bağlı olan  bütün hərəkətləri (fəaliyyəti) əvvəlcədən məhz  Kabinetin məsləhəti və  bəyənməsi ilə   ola bilər və  Kabinet onlara görə məsuliyyət daşıyır.  Altıncı maddəyə əsasən, Parlamentin təqdimatı ilə Baş naziri vəzifəyə təyin edir. İmperator Kabinetin təqdimatı ilə Ali Məhkəmənin Baş hakimini təyi edir.  Yeddinci maddəyə görə, İmperator məsləhətlə və Kabinetin bəyənməsi ilə xalq adından dövlət işlərinə aid olan  bu kimi işləri həyata keçirir:

Konstitusiyaya düzəlişləri, qanunları, hökumət sərəncamlarını və müqavilələri promulqasiya (nəşr etdirməklə bəyan netmək, yayma) etdirmək.

Parlamentin çağrılması.

Nümayəndələr Palatasınn buraxılması.

Ümumparlament seçkilərinin keçirilməsini bəyan etmək.

Qanuna müvafiq qaydada dövlət nazirlərini və digər vəzifəli şəxsləri təyinatını və istefasını təsdiq etmək, həmçinin səfir və elçilərin etimadnamələrini təsdiq etmək səlahiyyətinə malik olmaq.

Ümumi və qismən amnistiyanı təsdiq etmək, cəzadan azad etmək və cəzanı yüngülləşdirmək, həmçinin hüquqları bərpa etmək.

Təltiflər etmək.

Qanuna müvafiq olaraq ratifikasiya qramotalarını və digər diplomatik sənədləri təsdiq etmək.

Xarici ölkə səfirlərini və elçilərini qəbul etmək.

Tacqoyma mərasimini həyata keçirmək.

Yaponiya Konstitusiyasının Dördüncü başlığı parlamentə aiddir. 41- ci maddəyə görə Parlament dövlət hakimiyyətinin ali orqanıdır və dövlətin tək qanunverici orqanıdır. 42-ci maddəyə görə parlament iki palatadan ibarətdir: Nümayəndələr Palatası və məsləhətçilər Palatası. 43-cü maddəyə görə hər iki palata bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarətdir.

Hər kəs, hər bir vətəndaş öz dövlətinin element daşıyıcısıdır. İnsan öz iradəsini dövlətində və cəmiyyətində ifadə edir. Dövlətində özünə ictimai, siyasi və mədəni bir məzmun tapır. Öz azadlığını dövlətində və cəmiyyətində görür.  Bu məsələdə arxayındır. Cəmiyyətinə və dövlətinə güvənir. Dövlət mənbədir, ümumi vəsaitin bir yerə toplanmasını təmin edir. Bu depodan, bazadan hər kəs yararlana billir. Deməli, dövlət vəsaitləri harmonik şəkildə paylayan bir qurumdur. Konstitusiyalı parlamentar monarxiyalarda xalqın ali təcəssümü, elçisi, vəkili olan dövlətin başçısı (monarx) dərk edir ki, o, xalq üçün uca zirvədədir. Xalqın gözü ondadır. Xalq ondan çox şeyi gözləyir. Xoşbəxrtlik axtarır. Buna görə də monarx dövləti ali dəyər simvolu kimi görür. Dövlət də öz vətəndaşına arxa-dayaqdır. Onun sifarişi ilə özünün strukturunu yaradır, fəaliyyətini istiqamətləndirir.  Xalq monarxın ona xidmət yolunda hər bir hərəkətini ictimai nəzarətdə, diqqətdə saxlayır.

Xalqına da yüksək dəyərlər təqdim edir. Elə rəmzi məna kəsb edir ki, xalq ondan zövq alır. Dövlətin başçısı etik və estetik vasitə, subyekt, koordinator, funksioner rolunu oynayır. 

Dövlət bir şura, yığıncaq, məclis qurumudur. İctimai platformadır, birgəyaşayış, qərarları birgə qəbul edən strutkturdur, formadır, standartdır, formuladır. Dövlət özünün elementləri olan konkret məfhumdur. Həm sadə, həm də mürəkkəb formaya malikdir.  Dövlətin sübutu onun faktlığında, mövcudluğunda  və mahiyyətində üzərə çıxır.  Dövlət özünün ictimai  və mədəni  mənbəyini cəmiyyətdən götürür və cəmiyyətə də xidmət edir. Cəmiyyəti obyekt kimi görür. İctimai nüfuz dövlətin siyasi nüfuzu ilə həmahənglik təşkil edir.

Dövlətin hakimiyyəti ona görə təşkil edilir ki, maraqlar qruplar, sahələr üzrə iyerarxik əsaslarla formalaşsın və təmin edilsin. Hər kəs öz imkan və qabiliyyətinə görə iştirak etsin.  Hakimiyyət dövləti yaşadan, onu sübuta yetirən bir strukturdur. Hakimiyyətdə təmsilçilik dövlətdə təmsiliçilikdir ki, o da xalqa xidmətdir. Hakimiyyətin fəaliyyəti ictimai maraqların təminatıdır. Hakimiyyətin əsas mahiyyəti, məğzi dəyəri onun kollektiv şəkildə qərar qəbul etməsində və qərarların qəbulu zamanı aidiyyatı şəxslərin maraqlarının yüksək səviyyədə təmin olunmasındadır. Yəni, hakimiyyət məkan, zaman, şərait kriteriyasını əsas gətirərək öz işini qurur. Kollektiv, birgə qərarların müəyyən olunduğu və qəbul edildiyi ən ideal platforma parlamentçilikdir. Parlament debat, diskussiya mərkəzidir. Burada maraqlar bir arada müəyyən olunur. Uzlaşma və koordinasiya prosesləri yaşanır.   Xalqın nümayəndələrinin yığışdığı ictimai platforma Ümumxalq Məclisidir,  Parlamentdir. Parlamentdən siyasətin xətləri müəyyən olunur və şaxələnir. Parlament şəbəkə yaradır.

"Ümumxalq Məclisi" haqqı ifadə edən, müəyyənləşdirən, təsdiq və təsbit edən əsas qurumdur, desək yanılmarıq. İnsanların siyasət hüquqları məhz Məclisdə ifadə olunur.  Dövlət hüququnu həyata keçirən mərkəz, vasitə rolunu oynayır. Əgər bir şəxs Məclisdə birbaşa, yaxud da nümayəndəsi ilə, fərdi və kollektiv şəkildə təmsil olunursa, qərarların qəbulunda iştirakı təmin edilirsə,  deməli həmin şəxsin dövlət siyasətində iştirakı təmin edilmiş olur. "Ümumxalq Məclisi"nin fəlsəfəsi onun məzmununda və dərin dərk olunmasındadır. 

Demokratiya odur ki,  xalq öz dövlətində yaxından və uzaqdan, birbaşa və nümayəndələri ilə iştirak edir. Dövlətini formalaşdırır, onun siyasi sistemini təşkil və tənzim edir. Dövlətin siyasi sisteminin iştirakçıları, idarəetmə strukturunda iştirak edən şəxslər, fərdlər, subyektlər xalqın sözçüsü, nümayəndələri və təmsilçiləridir. Onlar xalqın sözünü dövlət hakimiyyətinə çatdırırlar, eləcə də dövlət hakimiyyətinin fəaliyyətinin məzmununu xalqa, öz seçicilərinə təqdim edirlər. Bir sözlə, başğlantı yaradırlar, koordinasiyaedici funksiya daşıyırlar. Bu bağlayıcılıq sayəsində siyasətin bütövləşməsi, idarəçiliyin yetkinləşməsi və təkmilləşməsi prosesləri yaşanır.

Xalq özü öz dövlətinin siyasətində, quruluşunda və formasında yaxından iştirak etdikdə mahiyyəti daha da dərindən dərk edir. Allahın insan bəxş etdiyi dövlətin dəyərini daha da dərindən duyur. Dövlətdən faydalanır. Buradan belə bir məntiqi nəticə hasil olunur ki, dövlət xalqın xoşbəxtliyi üçün vasitədir. İnsan bu qurumu bir vasitə üçün yaradır. Özünə xidmətin ən nümunəvi, sistemli variantıdır. Dövlət ictimai müqavilə formasıdır, razılıqla, ürək rahatlığı ilə təşkil olunur və idarə edilir. İdarəçilik sayəsində maraqların sahələri təmin olunur. Maraqların sahələrində vasitələr, vəsaitlər əldə edilir. Dövlətin kollektiv şəkildə idarə olunması o deməkdir ki, iradə də birləşir. İradənin birləşməsi ümumxalq iradəsini meydana gətirir. Xalqın hakimiyyətdə geniş iştirakı, hakimiyyəti təşkil etməsi elə özlüyündə bir demokratiyadır. Ali hakimiyyətin təşkili elə ali demokratiyadır.  Xalq dövlətini o zaman doğma görür ki, demokratiyasına sahib çıxır. Xalqın dövləti ona vəsaitləri qazandırır. Həyatda yaşamaq üçün zəmanətləri bəxş edir. Dövlət öz vəsaiti ilə xalqın dayağında dayanır, keşiyində qərarlaşır. Dövlət siyasətinin sahələrinin çoxluğu xalqın marağının çoxluğu ilə həmahənglik təşkil edir. Dövlət özü siyasət sahələri yaradır, maraqları həmin sahələrə yönləndirir. Eləcə də sahələrin yarandığı istiqamətlər üzrə maraqları təşkil edir.

Dövlət həm də cəmiyyəti, ictimaiyyəti təmsil edən  ictimai və siyasi-mədəni bir kompleksiyadır. Dövlət cəmiyyəti təmsil edən siyasət qurumudur. Dövlətin mənbəyi xalqdır, cəmiyyətdir. Cəmiyyət özünün ictimaiyyət nümayəndələri vasitəsilə dövlətə öz sifarişini çatdırır. Dövlət cəmiyyətin sifarişlərini yerinə yetirir.

Qeyd: Azərbaycanda gələcəkdə   respublikadan monarxiyaya keçid prosesləri cəmiyyətin, ictimaiyyətin sifarişi olduqda, dövlət hakimiyyəti, dövlət başçısı bu sifarişləri yerinə yetirməyə borcludur. Çünki dövlətin vəzifəsi, məsuliyyət və öhdəliyi  onu deməyə əsas verir.

Dövlət siyasətinin yükü onun mərkəzi hakimiyyət qurumu olan parlamentdə, ümumi xalq yığıncaqlarında qərarlaşır. Parlament sanki ictimai və siyasi  qoşqunu (treyleri)  daşıyan "traktor" (dartıcı və yedəkçi) rolunu oynayır. Qanunverici və ictimai palata dövlət siyasətinin  müəyyən olunmasında, həll olunmasında aparıcı mövqe tutur. Qeyd: Hökumət Şurası, nazirlər və digər aparıcı dövlət qurumunda təmsil olunan  şəxslər "Ümumxalq Məclisi"ndə təsdiq və təyin olunurlar.  Bu Məclis tərəfindən  nazirliklər, aparıcı dövlət şirkətləri, səhmdar cəmiyyətləri, korporasiyalar və digər mühüm mərkəzi icra hakimiyyəti qurumları, səfirliklər, konsulluqlar, digər diplomatik  nümayəndəliklər təsis olunur. Rəyasət Heyəti Dövlət Şurası da adlana bilər.

"Ümumxalq Məclisi"nin yükü çoxdur. O, ali, mərkəzi və aşağı səviyyəli işlərin həll olunmasını həyata keçirir. Yerli icra hakimiyyətlərinin  və yerli özünüidarəetmə orqanlarının işini müəyyən edir. Qanunvericilik aktları ilə tənzimləyir.

"Ümumxalq Məclisi" dövlət başçısının ümumi yığıncağı olur. Burada mühüm dövlət işlərinə baxılır və həll olunur. Məclisdə dövlət rəmzləri, dövlət mükafatları, orden və medalları, təltiflənmələr işinə baxılır.  Məclis müharibə və sülh məsələsini həll edir. Sülh sazişlərinin imzalanması məsələsinə baxır. Dövlət adından beynəlxalq əlaqələrdə iştirak üçün  vəkalətlər verir.  Beynəlxalq müqavilələrə qoşulur, beynəlxalq müqavilələri təsdiq edir.  Dövlətin pul siyasətini müəyyən edir. Amnistiya və əfv məsələlərinə baxır və həll edir.  Digər ümumiləşdirici və məxsusi işlərin həllini həyata keçirir.

"Ümumxalq Məclisi", onun Rəyasət Heyəti (Dövlət Şurası)  dövlətlə bağlı olan ali səlahiyyətləri həyata keçirir. Ali vəzifəlri təsis, təyin və təsdiq edir. Dövlət proqrmlarının, strateji fəaliyyət planlarının təsdiqini həyata keçirir. Baş naziri və güc nazirlərini təsdiq edir, vəzifədən azad edir.

"Ümumxalq Məclisi" təqdimat, təyinat, təklif, təşəbbüs, azad etmək kimi kriteriyaları özündə əks etdirir. Monarx üçün andiçmə, tacqoyma  mərkəzi rolunu oynayır. Dövlət başçısına səlahiyyətlər verir, onu təsdiq edir və fəaliyyəti haqqında qanunvericilik aktları qəbul edir.

Məclis Ali rəhbərə və ali və mərkəzi hakimiyyətə nəzarət  edir və  müşahidə altında saxlayır.  Məclis Konstitusiya nəzarəti funksiyasını yerinə yetirir və xalqın arbitrı (mübahisələri həll edən tərəfsiz vasitəçi və ya münsif) rolunu oynayır. Siyasət üçün təkliflər Məclisdə toplanır. Təhlil olunur və təkliflər hüquq normalarına salınır.

Qeyd: Azərbaycanda (Qərbi Xəzər Türk Dövlətində) son dövr siyasi sistemlə bağlı baş verən proseslər onu göstərir ki,  ölkədə respublika idarəçilik forması kövrək sistemdir. Siyasi sistem etno-mədəni və ictimai ruha tam cavab verə bilmir. Ölkə üçün ən düzgün, adekvat idarəetmə sistemi konstitusiyalı parlamentar monarxiyadır. Gələcəkdə bu idarəçilik formasına yumşaq, rəvan keçid təmin olunmalıdır. Azərbaycana (Qərbi Xəzər Türk Dövlətinə) monarxiyanın gətirilməsinin üç mühüm baza səbəbi göstərmək olar:

-birincisi, belə idarəçilik üsulu ənənəvi rəhbərliyi, liderliyi özündə daşıyan siyasi və ictimai düşüncəyə malikdir;

-ikincisi, təbii idarəçilik üsulu, yəni xalqın ruhuna uyğun idarə forması olduğuna görə daha zəmanətli forma və quruluşdur. Təbii məzmunu tamamlayır;

-üçüncüsü, belə idarə forması prezidentin mütləq hakimiyyətini inkar edir, hakimiyyətin bölgüsünü tarazlı əsaslarla şərtləndirir. Dövlət rəhbəri hər üç hakimiyyət qoluna tarazlı rəhbərliyi həyata keçirir. Dövlət rəhbərinin icra hakimiyyəti səlahiyyətəri azaldılır. Dövlət rəhbəri hakimiyyətə ümumi nəzarəti həyata keçirir. Dövlət rəhbəri ilə xalq arasında hakimiyyətsiz, birbaşa, aydın, açıq, şəffaf əlaqə yaranır. Dövlət rəhbəri cari siyasətdən bir növ kənarda qalır. Konstitusiyalı Monarxiya ölkə üçün daha güclü bir immunitetdir.

Hakimiyyətin qanunverici və ictimai qolu elə bir sistem, elə bir strukturdur ki, dövlətin siyasətinin baza sütununu təşkil edir. Geniş şəkildə təmsil olunmaq böhranın yaşanmasının qarşısın alır. Dövlətin immunitetini artırır. Onu daxili və xarici təzyiqlərdən qoruyur. Xalqın nümayəndəlik əsaslarla toplaşdığı qurum köklü problemlərin həlli üçün ən gözəl formadır. Demokratiyanın əsasıdır.

Dövlət başçısı vəzifəsi  elə bir postdur ki, hər zaman tənqid oluna bilməz. Onun şəxsiyyətinin bütövlüyü dövlətin və xalqın ümumi bütövlüydür. Onun ali şəxsiyyəti xalqın ali şəxsiyyətinə və nüuzuna bağlıdır.  Bəli, hakimiyyət qolları, strukturlar tənqid oluna bilər. Aparılan cari siyasətdən narazılıq ifadə oluna bilər. Dövlət başçısını cari siyasətdən uzaqda saxlamaq həm də ona görə səmərli üsuldur ki, belə halda cari siyasətlə məşğul olan hakimiyyət öz üzərində daha ciddi məsuliyyət hiss edir.  Monarxdan, onun rəhbərlik etdiyi "Ümumxalq Məclisin"ndən  qanunla səlahiyyət götürür və məsuliyyət daşıyır. Hakimiyyət qolları qanunvericiliklə üzərlərinə düşən vəzifələri daha sərbəst və müstəqil məsuliyyət müəyyən olunmaqla həyata keçirirlər. Dövlət başçısı monarxiyalarda xalqla öz  arasında "dəmir torların" toxunmadığı əlaqələr və münasibətlər sferasına qədəm qoyur. Xalqı birbaşa dinləyir. Hakimiyyət artıq bu məsələdə arada qalıb mane olan ünsür rolunu,  aradakı sipər rolunu oynamır. İcra hakimiyyəti bir növ gözünü monarxa dikir. Höküumət və onun başçısı  yaxşı işləməyəndə gözünü monarxın ümumi başçısı olduğu məclisə-  "Ümumxalq Məclisi"nə dikir. Hökumətə etimad məsələsi Məclisdə müəyyən olunur. Həmçinin baş nazirin və nazirlərin istefaya göndərilməsində monarxın da müəyyən  səlahiyyətləri mövcud olur. Bu yöndə hakimiyyət özündən aralı məsafədə mövcud olan rəhbəri ciddi nəzarətedici fiqur kimi görür.

Dövlətin siyasət sahələrinin (istər daxili, istərsə də xarici sahələr üzrə) strukturlaşdırılmasını başlıca olaraq "Ümumxalq Məclisi" həyata keçirir. Məsələn, mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə qurumlarının, mərkəzi və yerli məclislərin stukturları "Ümumxalq Məclisi" tərəfindən formalaşdırılır.  Dövlət başçısının Sarayı da Məclis qərarı ilə təsis olunur. Ali, mərkəzi və yerli  səviyyəli dövlət qurumlarının fəaliyyət prinsipləri, əsasnamələri məhz Məclis tərəfindən təsdiq olunur.   Bütün ali və mərkəzi, həmçinin yerli  idarəçilik "Ümumxalq Məclisi" önündə məsuliyyət daşıyır. Yəni, bu o deməkdir ki, xalq özü özünə məhz Məclisdə hesabat verir. Görülən işlər barədə məlumatlar təqdim edir. "Ümumxalq Məclisi"ndə dövlət siyasəti hazırlanır, layihələr, strateji və taktiki xətlər  müəyyən olunur və icraya yönləndirilir. İcra da öz hesabatını yenə də Məclis önündə verir.  Dövlətin və xalqın dayağı "Ümumxalq Məclisi"dir.

Konstitusiyalı parlamentli monarxiya dövlətlərində "Ümumxalq Məclisi"nin ("Konstitusiya Məclisi"nin)  fəlsəfəsinin tərkibini təşikil edən tezisləri bu şəkildə qeyd etmək olar:

-Ümumxalq Məclisi" dövlət siyasətinin piramidasının, bütövləşdirici strukturunun  özüdür və ali, mərkəzi və yerli sahələrin siyasətlərinin əlaqələndirilməsini, bütövləşməsini müəyyən edir və siyasətin icrası üçün hüquqi vəzifə və səlahiyyətləri ayırd edir;

-"Ümumxalq Məclisi"  siyasətin hüquq normalarına salınması funksiyasını yerinə yetirir və bununla da istənilən  formada mahiyyəti üzərə çıxardır;

-Ümumxalq Məclisi" dövlətin xalqa, xalqın da dövlətə mənsubluğunu, aidiyyatlılığını müəyyən edir. "Ana torpaq", "Vətən", "Yurd", "Millət", "Ölkə"  kimi hisslərə, duyğulara bağlı olan təbii kriteriyaları müəyyən edir;

-"Ümumxalq Məclisi"  maraq, mənafe, arzu, istək kimi amilləri qanunvericilik aktlarında əks etdirir və hüquq norması anlayışını siyasət anlayışı ilə həmahəng görür, üzvi sintezdə axtarır;

"Ümumxalq Məclisi" qanunun aliliyi prinsiplərini təmin edir və qoruyub saxlayır. Qanunların qorunmasına və icrasına ictimai və hüquqi-siyasi nəzarəti həyata keçirir;

-Ümumxalq Məclisi" xalqın ictimai statusu ilə onun hüquqi statusunu, eləcə də imicini vahid məfhum və konsepsiyalarda müəyyən edir, sintez edir;  

-Məclis insan hüquq və azadlıqlarının təmin olunması üçün hüquq normaları və qaydaları müəyyən edir. Təbii hüquqların pozitiv əsaslarla təmin olunması üçün aşkarlayıcı və təminedici istiqamətləri təyin edir;

-Məclis insan hüquqlarının təminatı üçün dövlət siyasətinin stukturlaşmasını təmin edir, qurumların təsis olunması funksiyasını yerinə yetirir;

-Məclis, azad, sərbəst və ədalətli cəmiyyətin qurulması üçün hüquqi əsasları formalaşdırır;

-Məclis xalqın ictimai düşüncəsini onun siyasi və hüquqi düşüncələri ilə bağlayır və dövlət siyasətinin axarını müəyyən edir;

-Məclis ictimaiyyətlə siyasi elitanın, siyasi qrupun çulğaşmanı müəyyən edir;

-Məclis dövlətin dəyərini, demokratiyanın ifadə olunması üçün müsbət əsaslarını təqdim edir. Xalqın demokratiyası ilk növbədə məhz Məclisdə təsbit olıunur;

-Məclis xalqın iradəsini ali hakimiyyətə daşıyan mərkəzi orqan funksiyasını yerinə yetirir;

-Məclis siyasətin ana xəttini müəyyən edir,  daxili və xarici siyasət üzrə doktrinaları, strateji  konsepsiyaları hazırlayır və icrasına nəzarət edir;

-Məclis ölkənin iqtisadi, siyasi, mədəni, elmi, sağlamlıq və digər sahələr üzrə inkiaf konsepsiyalarını hazıralayır, icrasına nəzarət edir 

-Məclis dövlət rəhbərinin təsdiqlənməsini həyata keçirir və dövlət rəhbərinin xalq qarşısında məsuliyyətini müəyyən edir. Hüquqi vəziyyətini və statusunu müəyyənləşdirir;

-Məclis ölkə ərazisində fövqəladə və hərbi rejimlər müəyyən edir;

-Məclis dövlət rəhbəri ilə xalq arasında əlaqələrin bağlantısını müəyyən edir. Xalqın və dövlət rəhbərinin vəhdətlik təcəssümünü ifadə edir;

-Məclis xalqın iradəsini birləşdirir və dövlətə xidmətlərin əsaslarını meydana gətirir;

-Məclis dövlət başçısına olan hörmətin əsaslarını ifadə edir.  Onun səlahiyyətlərini müəyyən edir;

-qanunların aliliyini müəyyən edir. Konstitusiyanın qorunmasını təmin edir. Qanunların konstitusiyadan şaxələnməsini, konstitusiyanın uyğunlaşmasını həll edir;

-sakinlərin, vətəndaşların, ümimilikdə xalqın azadlıq, sərbəstlik hüquqlarının ifadəsini təmin edir;

-dövlət dilinin və rəsmi dilin istifadəsini, eləcə də dövlət atributlarının müəyyən olunmasını həyata keçirir;

-vahid pul siyasətinin həyata keçirilməsi üçün qanunvericiliyi təmin edir;

-ölkənin müdafiə qabiliyyətini müəyyən edir. Qismən və ümumi səfərbərlik elan edir;

-xarici və daxili siyasətin əsaslarını müəyyənləşdirir;

-elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin siyasətlərini müəyyən edir;

-sülh və müharibə məsələlərini müəyyən edir  və həll edir;

-dövlətin beynəlxalq münasibətlərini və əlaqələrini müəyyən edir və siyasətin istiqamətlərini təsdiq edir;

-məhkəmə hakimiyyətinin əsaslarını müəyyən edir;

-ictimai asayişin, sabitliyin təmin olunması üçün fəaliyyət istiqamətlərini müəyyən edir və digər dövləti siyasətin  həyata keçirilməsində iştirak edir.

Ardı var..

Elşən Misir oğlu Nəsibov

Siyasətşünas-alim. Yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr