AZ

Müəllim distant işləyə bilməz, onun iş yeri məktəbdir - AÇIQLAMA

Azərbaycanda bir sıra sahələrdə çalışan işçilər artıq məsafədən, yəni distant da işləyə biləcəklər. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.

Bəs müəllimlər də distant işləyə bilər bilərmi?

Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov mövzu ilə Redaktor.az-a açıqlamasında bildirdi ki, bu suala cavab vermək bir az ətraflı izahat tələb edir:

"Müəllim öyrədən deməkdir. Müəllim öyrətmək, başa salmaq üçündür, müəllim yol göstərəndir. Müəllimin öyrətməsi iki hissədə həyata keçirilir: biri təhsildir, biri də təcrübədir. Pandemiya həyatımıza girəndən sonra bizim həyatımızdakı köklü dəyişikliklərdən biri də distant, onlayn təhsilin olmasıdır. Tam səmimi etiraf edək ki, pandemiyaya qədər belə bir anlayış bizdə kifayət qədər geniş yayılmamışdı. Səbəb ondan ibarət idi ki, bəzi Zoom görüşləri, internet üzərindən görüşlər keçirilirdi - bu, normal idi. Lakin pandemiyadan sonra artıq bu dövrün də tələbi idi və biz buna uyğunlaşmalı idik. Müəllim şagirdlə birbaşa təmasda olmalıdır. Şagird müəllimin jestlərindən, davranışından, dərsi keçərkən hansı emosiyalardan istifadə etdiyindən öyrənməlidir, yəni bunların hamısından mütləq öyrənməlidir".

Müsahibimiz vurğuladı ki, bu gün ölkəmizdə oturub xarici universitetlərin hər hansı birinin mühazirəsinə distant qulaq asıb ondan yararlanmaq və böyük uğurlar əldə etmək olar:

"Mən belə şeyləri normal qəbul edirəm. Bu, dövrün tələbidir. Şəxsi qənaətim odur ki, birmənalı surətdə ümumtəhsil müəssisələrində, orta məktəblərdə müəllimlərin distant, onlayn işləməsinin, təbii ki, müəyyən günlər və məcburiyyətlər istisna olmaqla, tərəfdarı deyiləm. Çünki məktəb bizim üçün təkcə bilik verilən yer deyil, məktəb bizim gələcəyimizi yetişdirən müəssisədir. Uşaqlar məktəbdən içəri girərkən valideynlərindən çox müəllimlərindən çəkinirlər. Bu, böyük bir ideologiyadır.

Ona görə də ümumtəhsil məktəblərinin müəllimlərinin, ümumi məcburi halları kənara qoymaqla, kütləvi şəkildə distant təhsildə şagirdlərə dərs keçməsinin əleyhdarı deyiləm, amma lehinə də deyiləm. Mənim şəxsi qənaətim ondan ibarətdir ki, müəllim əyani dərs keçməlidir. Şagirdlə üzbəüz təmasda olmalıdır, ona həm fikirlərini, həm də enerjisini ötürməlidir. Elə fənlər var ki, onların distant təhsillə heç bir əlaqəsi yoxdur - bu, mümkün deyil. O fənlərdə mütləq təmas olmalıdır. Ona görə müəllimlərin kütləvi şəkildə distant təhsilə keçməsini çox da dəstəkləmirəm. Müəllimlərin iş yeri məktəbdir və onlar məktəbdə şagirdlə birbaşa təmasda olmalıdırlar".

Aytəkin TOFİQQIZI

Seçilən
33
redaktor.az

1Mənbələr