İstanbul prokurorluğu yeni narkotik əməliyyatı həyata keçirib. Budəfəki əməliyyatın mərkəzində Türkiyənin məşhur ekran üzlərindən olan Habertürk kanalının baş redaktoru Mehmet Akif Ersoy olub.
“Yeni Sabah” baş redaktordan başqa, ona yaxın daha 7 nəfər də bu iş üzrə istintaqa cəlb olunub.
Ersoy və digərləri narkotik və psixatrop maddə almaq, saxlamaq və istifadə etmək, bunun üçün yer təşkil etmək, eləcə də əxlaqsızlıq təşkilində ittiham olunurlar.
Rəsmi məlumatlara əsasən, İstanbul Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat sosial media fenomenlərinin telefon və yazışmalarına əsaslanır.
İstintaq sənədlərinə görə, şübhəlilər öz evlərində narkotik istifadə olunmasına şərait yaradıb, eyni zamanda evə gələn qadınlara narkotik təmin edib və bu prosesdən maddi mənfəət əldə ediblər.
İttihamnamədə qeyd olunur ki, Mehmet Akif Ersoy çevrəsindəki şəxslər vasitəsilə qadınları cinsi münasibətlərə yönəldərək sektoral və maliyyə mənfəəti əldə edib.
Habertürk kanalının keçmiş əməkdaşı Nur Köşker, Mehmet Akif Ersoy tərəfindən uzunmüddətli cinsi qısnamaya məruz qaldığını və bu səbəbdən Türkiyəni tərk etdiyini söyləyib.
“Səhər saat 5-də mənə “Endamını masanın arxasında gizlədiblər, rejissora de, LED-in önünə keçsin” kimi mesaj atan Baş redaktor ola bilərmi? Mən bunu utanaraq yazıram, amma özü utanmırdı”, – deyə Köşker bildirib.
Türkiyənin aparıcı televiziya kanalının rəhbərinin həbsinin motivləri ilə bağlı fərqli iddialar da irəli sürülüb.
Tanınmış jurnalist Ayşənur Arslan bu gün yazdığı məqalədə iddia edib ki, bu istintaq təkcə narkotik və şəxsi həyat məsələləri ilə bağlı deyil, eyni zamanda “siyasi balans və güc oyunları ilə bağlıdır”.
Jurnalist Ayşənur Arslan, M.A.Ersoyun adının hazırki xarici işlər naziri, siyasi çevrələrdə adı Erdoğanın mümkün xələfi kimi hallandırılan Hakan Fidanın komandasından olmasına diqqət çəkərək, onun həbsinin siyasi intriqalarla bağlı olduğunu iddia edib.
Onun iddiasına əsasən, “medianın nüfuzlu fiqurlarının bu qəbildən əməliyyatlarda tutularaq mediadan kənarlaşdırılması, Ərdoğansonrası planları və hakimiyyətdaxili siyasi oyunları göstərir”.
İlhamə Qasımlı
Telegram kanalımız