AZ

ABŞ NATO-dan çıxır? – Vaşinqtonla Brüssül arasında gərginlik yüksəlir…


ABŞ-da NATO-nun gələcəyini sarsıda biləcək bir addım atılıb. Respublikaçı ABŞ konqresmeni Tomas Massi rəsmi olaraq Vaşinqtonun ittifaqdan tamamilə çıxmasına imkan verən qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.

Massi NATO-nun ABŞ-ı daim xarici münaqişələrə sürüklədiyini iddia edərək, ittifaqı "Soyuq Müharibədən qalma, artıq köhnəlmiş bir struktur" adlandırıb.

Konqresmen bildirib ki, ABŞ varlı ölkələrin öz müdafiə ehtiyaclarını ödəməkdən imtina etməsi qarşılığında dünyanın təhlükəsizlik yorğanı olmaq məcburiyyətində deyil.

Onun hazırladığı qanun layihəsində ABŞ-ın üzvlüyünün artıq mövcud milli təhlükəsizlik maraqlarına uyğun gəlmədiyi və Avropa üzvlərinin regional təhlükəsizlik problemlərini həll etmək qabiliyyətinə malik olduğu iddia edilir. Həmçinin iddia edilir ki, ABŞ-ın davamlı ianələri Avropa daxilində daha çox yükün bölüşdürülməsi üçün stimulları azaldır.

Qanun qəbul edilərsə, ABŞ alyansdan çıxma prosesinə başlayacaq ki, bu da rəsmi bildiriş və 13-cü maddəyə əsasən bir illik gözləmə müddəti tələb edir.

Massinin bu qanun layihəsi Prezident Donald Trampın NATO ölkələrinə təzyiqi artırdığı bir vaxta təsadüf edir. Tramp dəfələrlə müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artıra bilməyən ölkələrin ittifaqdan çıxarılmasına çağırıb.

5 dekabrda dərc olunmuş ABŞ Milli Təhlükəsizlik Strategiyasında isə, NATO-nun davamlı genişlənmə dövrünün başa çatdığı və bəzi Avropa ölkələrinin artıq "etibarlı müttəfiq olub-olmadıqlarının qeyri-müəyyən" olduğunu ifadə edilir.

Trampın strategiyası həmçinin bəzi AB müttəfiqlərinin demoqrafik dəyişikliklər səbəbindən etibarlı NATO üzvləri olaraq qala biləcəyini sual altına alır və bir növ NATO-nun "daim genişlənən bir ittifaq" kimi "qavrayışına" son qoyulduğunu elan edir.

AB-nin baş diplomatı Cozef Borrell isə Trampın açıqlamalarını AB-yə qarşı siyasi müharibə elanı kimi dəyərləndirib.

ABŞ-la Avropa arasında soyuq münasibətlər Ukrayna müharibəsi fonunda daha çox hiss edilir. Tramp administrasiyası Rusiya ilə Ukrayna danışıqlarında Avropanı maksimum kənarda saxlamağa çalışır. Avropa isə Ukraynanın qitənin bir parçası olduğunu və buna görə də Avropanın danışıqlardan kənarda saxlanmasının mümkünsüz olduğunu bildirir.

ABŞ-Avropa münasibətlərində soyuqluğun olduğunu göstərən başqa bir məqam bir neçə gün əvvəl Ukraynadakı müharibənin kritik mərhələyə qədəm qoyduğu bir vaxtda ABŞ Dövlət katibi Rubio ilk dəfə NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməməsi idi. Brüsseldəki görüş Ukraynadakı müharibənin gedişi və mümkün sülh prosesinə doğru diplomatik addımlar baxımından böyük əhəmiyyət kəsb edirdi. Ancaq Vaşinqtonun 1999-cu ildən sonra ilk dəfə NATO görüşündə iştirak etməməsi diqqət çəkdi.

Məlumata görə, həmin vaxt ABŞ administrasiyası Avropa müttəfiqlərinə çox açıq bir xəbərdarlıq göndərib: "2027-ci ilə qədər NATO daxilindəki kritik vəzifələrin böyük əksəriyyətini öz üzərinizə götürün, əks halda ABŞ alyansın müdafiə koordinasiya mexanizmindən çıxacaq".

Yunanıstan, Almaniya, Fransa və digər Avropa ölkələrindən isə ilkin reaksiyalar yekdil olub: "ABŞ-ın tələb etdiyi müddət mümkün deyil".

Bu arada, ABŞ Milli Təhlükəsizlik Strategiyasını tənqid edən Avropa Birliyinin (AB) Müdafiə və Kosmos üzrə komissarı Andrius Kubilius isə bildirib ki, Amerikalılar, Avropa Birliyində birlik vasitəsilə qazandığımız gücə qarşı müharibə aparmağı planlaşdırırlar. O bunun səbəbini isə belə izah edir ki, Avropa Birliyi Amerikanın maraqlarına təhlükə yaradan supergücə çevrilə bilər.

Kubilius bildirib ki, ABŞ Milli Təhlükəsizlik Strategiyası Avropa üzv dövlətlərini birləşdirən bir təşkilat kimi Avropa İttifaqına qarşı açıq düşmənçilik mövqeyini özündə əks etdirir. O bu sənədin Avropanın heç vaxt vahid gücə çevrilməməsinin qarşısını almağa yönəlmiş geosiyasi manevr olduğunu iddia edib. Kubilius ABŞ strategiya sənədində AB üzv dövlətləri arasında daha geniş inteqrasiyaya qarşı çıxan ifadələrə diqqət çəkib və AB-nin vahid qüvvəyə çevrilməsinin qarşısını almaq üçün Avropadakı millətçi partiyalarla əməkdaşlığın zəruriliyini vurğulayan hissələrin olduğunu bildirib.

1860-cı illərdə Fransa və İngiltərənin yeni yaranan Amerika gücünə qarşı mübarizə aparmağa hazır olduqlarını qeyd edən Kubilius daha sonra bildirib: "Görünür, həm Fransa, həm də İngiltərə tarixi səhv etməmək üçün kifayət qədər ehtiyatlıdırlar və 20-ci əsr boyunca həm İngiltərəyə, həm də Fransaya kömək edən bu yüksələn gücə qarşı çıxmaqdan imtina etdilər. Ümid edirik ki, bu gün Amerika torpağında AB-nin yüksələn gücünə qarşı mübarizənin qarşısını almaq üçün kifayət qədər ehtiyatlılıq var".

Avropalı ekspertlər, ABŞ-ın NATO-dakı yükünü Avropaya ötürməsinin təkcə siyasi iradə məsələsi deyil, Amerika ordusu tərəfindən yerinə yetirilən nəhəng vəzifələrin texniki imkanları ilə bağlı olduğunu bildirir. Xüsusilə kəşfiyyat, müşahidə və raketdən müdafiə sistemlərində ABŞ-ı əvəz etmək qeyri-mümkün görünür.

Bildirilir ki, ABŞ və onun Avropa müttəfiqləri arasında gərginlik Ukrayna və Avropanın təhlükəsizliyinin gələcəyi ilə bağlı fikir ayrılığından qaynaqlanır. Qeyd edilir ki, Ağ Ev də Kreml kimi Avropanın gücünə və strateji dəyərinə şübhə ilə yanaşır.

TAHİR

Seçilən
19
baki-xeber.com

1Mənbələr