AZ

Avropa hərbi təyyarəsi SCAF: “Airbus”un rəhbəri sənaye əməkdaşlığını əziyyətli yol adlandırıb

Paris, 11 dekabr, AZƏRTAC

Avropanın gələcək döyüş təyyarəsi SCAF layihəsi ətrafında sənaye əməkdaşlığında ciddi gərginlik yaşanır. “Airbus” şirkətinin baş direktoru Giyom Fori “France Inter” radiosuna verdiyi açıqlamada Avropa ölkələri müdafiə sənayesinin birgə əməkdaşlığını “çarmıxa çəkilməyə bənzər bir proses” adlandırıb.

AZƏRTAC xəbər verir ki, SCAF layihəsi çərçivəsində “Airbus” və Fransanın “Dassault Aviation” şirkətləri birlikdə yeni nəsil döyüş təyyarəsi, ona inteqrasiya olunmuş dronlar və vahid “döyüş buludu” rəqəmsal sistemini hazırlamalıdır. Lakin tərəfdaşlar arasında təyyarənin inkişafı ilə bağlı iki fərqli baxış mövcuddur.

Forinin sözlərinə görə, əgər tərəflərdən biri “ya mənim şərtlərimlə, ya heç” deyirsə, bu əməkdaşlığa zərər vurur. O vurğulayıb ki, layihə həm Fransanın, həm Almaniyanın, həm də İspaniyanın tələblərinə cavab verməlidir.

“Airbus” rəhbəri Avropanın müdafiə sahəsində rəqabətə davamlı qalması üçün ölkələrin birgə investisiya və əməkdaşlığının vacibliyini qeyd edib: “Əgər yüksək texnologiya istəyiriksə, bir neçə ölkə birlikdə işləməlidir”. O, keçmişdə “Eurofighter” layihəsinin uğurla tamamlandığını xatırlatsa da, prosesin çətin və uzun olduğunu bildirib.

Hazırda müdafiə sektoru “Airbus”ün ümumi dövriyyəsinin 18 faizini təşkil edir. Fori növbəti illərdə təsirli artım gözlədiyini deyib. Buna səbəb kimi isə Avropa ölkələrində müdafiə xərclərinin artması və yeni hərbi proqramlara ayrılan vəsaitlərin çoxalmasını göstərib.

Seçilən
30
azertag.az

1Mənbələr