AZ

Portuqaliyada həmkarlar ittifaqları tətilə başlayıb

Bakı, 11 dekabr, AZƏRTAC

Portuqaliyadakı həmkarlar ittifaqları təklif olunan əmək islahatlarına etiraz olaraq ümumi tətilə start verib.

AZƏRTAC xəbər verir ki, tətil qatarların hərəkətinin dayanmasına, yüzlərlə reysin ləğvinə və məktəblərin bağlanmasına səbəb olub.

Ölkə hökuməti bildirir ki, Əmək Məcəlləsinin 100-dən çox maddəsinə nəzərdə tutulan düzəlişlər əməyin məhsuldarlığının artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldilib. Lakin həmkarlar ittifaqları hökuməti güclü iqtisadiyyata və aşağı işsizlik səviyyəsinə baxmayaraq, balansı işçilərin hüquqları hesabına işəgötürənlərin xeyrinə dəyişdirməkdə ittiham edir.

Ən böyük həmkarlar ittifaqları olan CGTP və UGT tərəfindən təşkil edilən tətil Portuqaliyada 2013-cü ilin iyun ayından sonra təşkil olunan ilk ümumi aksiyadır.

Əmək islahatları kiçik və orta müəssisələrdə əsaslandırılmış işdən çıxarılma qaydalarının yumşaldılmasını və autsorsinqə qoyulan məhdudiyyətlərin ləğv edilməsini (şirkət tərəfindən vəzifə və ya proseslərin bir hissəsinin xarici mütəxəssislərə və ya üçüncü tərəfə ötürülməsi) nəzərdə tutur. Digər mübahisəli tədbirlərə uşaqlı analar üçün çevik iş qrafikinin 2 il ilə məhdudlaşdırılması daxildir.

Hökumət dəyişikliklərin məhsuldarlığı artıracağını və nəticədə bütün portuqaliyalılara fayda verəcəyini israr edərək bu məsələ ilə bağlı geri çəkilməkdən imtina edib.

Seçilən
91
2
azertag.az

3Mənbələr