Azərbaycanda “distant iş”in qanuniləşdirilməsi ilə bağlı müzakirələr fonunda distant təhsilin gələcəyi də gündəmə gəlib. Maraqlıdır, məktəblər, universitetlər distant formaya keçə bilərmi?
Təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkənin təhsil sistemi pandemiya dövründə onlayn tədrisə keçid sınağından uğurla çıxıb və bu model artıq cəmiyyət üçün yad deyil.
Ekspertin sözlərinə görə, pandemiya zamanı ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri və kolleclər eyni vaxtda distant formata keçərək prosesi idarə edə bildilər:
“Tətbiq uğurla yükləndi, hər kəs idarə etməyi bacardı. Distant təhsil artıq Azərbaycan cəmiyyəti və müəllimləri üçün yad element deyil.”
Məzahir Məmmədli qeyd edib ki, “Elm və təhsil haqqında” qanunda distant təhsilin hüquqi çərçivəsi nəzərdə tutulur və Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılıb. Onun fikrincə, ölkədə distant təhsil modelinə keçid artıq reallaşıb və qanuniləşmə bu sahədəki mövcud problemlərin aradan qaldırılmasına səbəb olacaq.
Ekspert xüsusilə vurğulayıb ki, hazırda onlayn təhsil aldığı üçün diplomu tanınmayan və buna görə məhkəmələrə müraciət edən şəxslərin sayı çoxdur:
“Onlayn təhsil qanuniləşsə, həmin məhkəmə çəkişmələri də aradan qalxacaq.”
Məmmədli hesab edir ki, beynəlxalq inteqrasiya fonunda onlayn təhsilin Azərbaycanda da tam şəkildə qanuni status alması çox uzaqda deyil.
Aynurə İsmayıl
KONKRET.az
