AZ

Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı innovasiyaların iqtisadiyyata tətbiqini genişləndirəcək - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Rəqəmsal iqtisadiyyat Prezident İlham Əliyevin müəyyən etdiyi yeni dövrün əsas hədəflərindən biridir. Bu, həm iqtisadiyyatda innovasiyaların tətbiqi, yəni proseslərin rəqəmsallaşdırılması, həm də rəqəmsal iqtisadiyyat hesabına daha yüksək iqtisadi artıma nail olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”ya uyğun olaraq “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq.

“Bu proqram iqtisadiyyata daha çox innovasiyanın gətirilməsini təmin edəcək və steykholder yanaşmasını özündə birləşdirəcək. Yəni təkcə dövlət qurumları üçün deyil, həm də özəl şirkətlər və sahibkarlar üçün yeni imkanların yaradılması proqramın əsas istiqamətlərindən biri olacaq. Ölkədə elektron xidmətlərin və elektron dövriyyənin tətbiqi genişlənir, innovativ iqtisadiyyatla məşğul olan şirkətlərin dəstəklənməsi prioritetə çevrilib. Sənaye parkları və sənaye məhəllələri vasitəsilə innovativ istehsalla məşğul olan müəssisələrə artıq real dəstək göstərilir. Yeni proqram isə bu sahədə iqtisadi fəallığı artıracaq və ümumi iqtisadi artıma əlavə töhfə verəcək”, - deyə deputat əlavə edib.

Vüqar Bayramov qeyd edib ki, bu proqram dayanıqlı iqtisadi inkişafı təmin edəcək, ÜDM-də və qeyri-neft ixracında gəlirlərin artmasına səbəb olacaq. Onun sözlərinə görə, proqram yalnız paytaxtı deyil, regionları da əhatə edəcək: “Bu, balanslı inkişaf baxımından vacibdir. Bölgələrdə startapların yaradılması, rəqəmsal biznesin inkişafı üçün yeni mexanizmlərin tətbiq edilməsi və regionlara daha çox investorun cəlb olunması əsas hədəflərdəndir. Rəqəmsal iqtisadiyyatla bağlı müxtəlif ölkələrin – ABŞ, Avropa İttifaqı, Çin və bir sıra Asiya dövlətlərinin – uğurlu təcrübələri mövcuddur. Bu təcrübələri öyrənib uyğun olanlarını tətbiq etməklə Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə daha sürətli və tam şəkildə keçid edə bilər. Rəqəmsal iqtisadi inkişaf Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinə uyğun istiqamətlərdən biridir. Nəzərə alsaq ki, həm iqtisadiyyatda daha çox innovasiyaların tətbiqi, yəni iqtisadiyyatın rəqəmsallaşdırılması, digər tərəfdən rəqəmsal iqtisadiyyatın inkişafı ilə daha çox iqtisadi artıma nail olunması vacib hərəflərdəndir”.

 

Seçilən
25
azertag.az

1Mənbələr