Xankəndi, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Energetika Nazirliyi və nazirliyin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar" mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov bildirib ki, bugünkü tədbir təkcə enerji məsələlərinin müzakirəsi deyil, Azərbaycanın yeni inkişaf fəlsəfəsinin, Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyasının və ölkəmizin yaşıl transformasiya vizyonunun elmi və strateji baxışlarla birləşdirən mühüm platformadır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl enerji zonası” elan etməklə yeni və strateji bir səhifə açıb. Bu yanaşma təkcə dövlət qurumları üçün deyil, ali təhsil müəssisələri, xüsusilə Qarabağ Universiteti üçün yeni məsuliyyət və imkanlar yaradır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, aparılan bərpa və quruculuq işləri ekoloji standartlara uyğun, “Yaşıl enerji zonası” konsepsiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Vurğulayıb ki, görülən işlərin əsas məqsədi vətəndaşların doğma yurdlarına təhlükəsiz və etibarlı şəkildə qayıdışı üçün əlverişli şəraitin yaradılmasıdır. S.Qəhrəmanov qeyd edib ki, hazırda azad edilmiş ərazilərə köç prosesi uğurla davam edir və məskunlaşmış əhalinin sosial adaptasiyası, iqtisadi fəallığının artırılması məqsədilə dövlət tərəfindən geniş dəstək mexanizmləri tətbiq olunur. Peşə hazırlığı, özünüməşğulluq proqramları, subsidiyalar, güzəştli kreditlər, investisiya təşviqi mexanizmləri və sosial-psixoloji dəstək tədbirləri bölgənin dayanıqlı inkişafına mühüm töhfə verir.
Xüsusi nümayəndənin müavini həmçinin bildirib ki, işğal dövründə bölgənin ekosisteminə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi ziyan vurulub. Azad edilmiş ərazilərin bərpası çərçivəsində biomüxtəlifliyin qorunması, yeni yaşıllıq sahələrinin salınması, parkların yaradılması və xüsusi mühafizə olunan ərazilərin fəaliyyətinin bərpası istiqamətində ardıcıl işlər aparılır. Bununla yanaşı, bərk məişət tullantılarının idarə olunması, enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi üzrə qiymətləndirmə və koordinasiya tədbirləri həyata keçirilir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında Qarabağ və Şərqi Zəngəzur regionlarının Azərbaycanın bərpa olunan enerji potensialı baxımından ən perspektivli bölgələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji zonası” elan olunub və beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə “Yaşıl enerji zonası” Konsepsiyası hazırlanıb. Bu çərçivədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib və icrası davam etdirilir.
Cavid Abdullayev diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, tikililərin damlarında Günəş panellərinin quraşdırılması, elektriklə işləyən nəqliyyat vasitələrindən,həmçinin küçələrin və yolların işıqlandırılmasında Günəş enerjisi ilə işləyən LED lampalardan, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, “ağıllı” enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni salınan yaşayış məntəqələri, sosial obyektlər və sənaye parkları müasir enerji standartlarına uyğun layihələndirilir və “yaşıl enerji” modelinin tətbiqi üçün səmərəli infrastruktur yaradılır. Həyata keçirilən layihələr Qarabağ bölgəsinin ölkənin dayanıqlı və innovativ enerji mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.
Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Yaşıl enerji zonası” Konsepsiyası” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra “Qarabağ və Şərqi Zəngəzur: “Yaşıl enerji zonası” konseptini qlobal brendə çevirən məkan”, “Yaşıl enerji zonası” Konsepsiyası çərçivəsində görülmüş işlər”, “İşğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolu” mövzularında panel müzakirələri aparılıb.
Tədbir işini sabah “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji və səmərəlilik üzrə gələcək planlar” mövzusunda panel müzakirəsi ilə davam etdirəcək.