Dekabrın 11-də Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində həyata keçirilən işlərə dair maarifləndirici tədbir keçirilib.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Qarabağ Universitetində təşkil edilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, dövlət qurumlarının təmsilçiləri, ekspertlər və ali təhsil müəssisəsinin kollektivi iştirak edib.
Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan olunub və beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə “Yaşıl Enerji Zonası” Konsepsiyası hazırlanıb, bu çərçivədə “2022–2026-cı illərdə ‘Yaşıl Enerji’ zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib və icrası davam etdirilir.Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, aparılan bərpa və quruculuq işləri ekoloji standartlara uyğun, “Yaşıl Enerji Zonası” konsepsiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilir. O vurğulayıb ki, görülən işlərin əsas məqsədi vətəndaşların doğma yurdlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışı üçün əlverişli şəraitin yaradılmasıdır.S.Qəhrəmanov qeyd edib ki, hazırda azad edilmiş ərazilərə könüllü köç prosesi uğurla davam edir və məskunlaşmış əhalinin sosial adaptasiyası, iqtisadi fəallığının artırılması məqsədilə dövlət tərəfindən geniş dəstək mexanizmləri tətbiq olunur. Peşə hazırlığı, özünüməşğulluq proqramları, subsidiyalar, güzəştli kreditlər, investisiya təşviqi mexanizmləri və sosial-psixoloji dəstək tədbirləri bölgənin dayanıqlı inkişafına mühüm töhfə verir.
Xüsusi nümayəndənin müavini həmçinin bildirib ki, işğal dövründə bölgənin ekosisteminə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi ziyan vurulub. Azad edilmiş ərazilərin bərpası çərçivəsində biomüxtəlifliyin qorunması, yeni yaşıllıq sahələrinin salınması, parkların yaradılması və xüsusi mühafizə olunan ərazilərin fəaliyyətinin bərpa olunması istiqamətində ardıcıl işlər aparılır. Bununla yanaşı, bərk məişət tullantılarının idarə olunması, enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi üzrə qiymətləndirmə və koordinasiya tədbirləri həyata keçirilir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur regionları Azərbaycanın bərpa olunan enerji potensialı baxımından ən perspektivli bölgələrindən biridir. Onun sözlərinə görə, ərazilərin günəş, külək və hidroenerji resursları üzrə yüksək potensialı artıq aparılan tədqiqatlar və beynəlxalq ekspert rəyləri tərəfindən təsdiqlənib.C. Abdullayev qeyd edib ki, bölgədə bərpa olunan mənbələrdən enerji istehsalı, enerji səmərəliliyi tədbirləri, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, elektrik nəqliyyat vasitələrinin genişləndirilməsi və günəş enerjisi əsaslı işıqlandırma sistemlərinin qurulması istiqamətində layihələr həyata keçirilir. Yeni salınan yaşayış məntəqələri, sosial obyektlər və sənaye parkları müasir enerji standartlarına uyğun layihələndirilir və “yaşıl enerji” modelinin tətbiqi üçün səmərəli infrastruktur yaradılır.
Agentlik rəhbəri əlavə edib ki, həyata keçirilən layihələr Qarabağ bölgəsinin yaxın illərdə ölkənin dayanıqlı və innovativ enerji mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq. Dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi, investisiyaların cəlbi və yerli mütəxəssislərin hazırlanması bu prosesin əsas istiqamətlərindən biridir.
Çıxışlarda bildirilib ki, yaşıl enerji yanaşmalarının uğurlu tətbiqi elm, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin sıx əməkdaşlığından asılıdır. Dayanıqlı və ekoloji cəhətdən təmiz inkişaf modeli Azərbaycanın milli strateji prioritetlərindən biri kimi qiymətləndirilir.Tədbir sual-cavab və mövzu üzrə panel müzakirələrlə davam edib.