Tailand Müdafiə Nazirliyinin məlumatına görə, Tailand Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca hərbçilərinin mövqelərinə hava zərbələri həyata keçirib. Tayland ordusu bildirir ki, hücumlar yalnız komanda məntəqələri, pilotsuz idarə olunan obyektlər, silah və sursat anbarlarını hədəf alıb, mülki obyektlərə zərər dəyməyib.
Tailand Hərbi Hava Qüvvələrinin sözçüsü Çakkrit Tammaviçai açıqlamasında bildirib ki, kəşfiyyat məlumatları qaçılmaz təhlükəni təsdiqlədikdə hava qüvvələri Kambocanın dərinliklərində əməliyyatlar keçirməyə hazırdır. O əlavə edib: “Hərbi Hava Qüvvələri Kambocanın dərinliklərindəki hədəflərə dərin zərbə əməliyyatları keçirməyə qadirdir”.
Tailand mətbuatının məlumatına görə, dekabrın 10-da Kamboca qüvvələri ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək Tailandın dörd sərhəd əyalətində 12 hərbi mövqeni atəşə tutub. Tailand Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Kamboca sərhədə 130 km atəş məsafəsinə malik PHL-03 çoxsaylı buraxılış raket sistemlərini yerləşdirib.
Tailand-Kamboca sərhədində döyüşlər dekabrın 7-də başlayıb. Kamboca Milli Müdafiə Nazirliyinin məlumatına görə, ilk atəşi Tailand açıb, Banqkok isə bunun əksini iddia edir. Hər iki tərəf bir-birini ABŞ-ın vasitəçiliyi ilə bu ilin əvvəlində əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham edir.