"Hazırda rus bölməsində bir çox fənlər artıq Azərbaycan dilində tədris olunur. Son dövrdə bu prosesə bir neçə yeni fənn də əlavə edilib və hal-hazırda müəyyən fənlərin Azərbaycan dilində tədrisi artıq həyata keçirilir. Mənim fikrimcə, hazırkı mərhələdə mövcud fənlər kifayət edir və yetərlidir. Gələcəkdə bunun hansı istiqamətdə inkişaf edəcəyi Elm və Təhsil Nazirliyinin yanaşmasından və dövlətin həyata keçirdiyi siyasətdən asılı olacaq".
Bu fikirləri Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərin rus bölmələrində bəzi fənlərin Azərbaycan dilində tədris olunmasından danışarkən bildirdi.

"Eyni zamanda qeyd etmək lazımdır ki, rus dilinin kütləvi şəkildə tədrisinə ehtiyac olmasa da, rus dilini yüksək səviyyədə bilən mütəxəssislərə ehtiyacımız var. Çünki bu, informasiya müharibəsində bizim üçün olduqca vacibdir. Biz informasiya müharibəsinə hazırlaşmalı, bu sahədə peşəkar kadrlar yetişdirməli və bunun üçün konkret addımlar atmalıyıq. Lakin bütün bunlarla paralel olaraq milli maraqlarımızı da qorumalıyıq. Gənclərimiz öz dilimizi, ədəbiyyatımızı və tariximizi dərindən və mükəmməl bilməlidirlər. Bu balans həm ölkənin intellektual potensialını gücləndirəcək, həm də gələcək strategiyalarda sabitlik yaradacaq", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI