AZ

Sülh sonrası region: Ermənistanın dəyişən siyasəti və Avropanın yeni marşrutu- ÖZƏL

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Almaniyada jurnalistlərə açıqlamasında bildirib ki, Bakı ilə İrəvan arasında sülhün bərqərar olmasından sonra Ermənistan dünya üçün daha maraqlı olub.
O qeyd edib ki, ölkənin cəlbediciliyinin əsas səbəbi mövcud iqtisadi imkanlardır və hazırda  Asiyanı Avropa ilə birləşdirən yeganə yol  Azərbaycan, Ermənistan və Gürcüstandan keçən  Orta Dəhlizdir . Papoyan avropalı tərəfdaşların bu marşrutun Türkiyə ərazisindən keçərək Avropaya getməsinə böyük maraq göstərdiyini vurğulayıb.



Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
"  Ermənistanın xarici siyasətində, xüsusən də iqtisadi məsələlərdə dövlət siyasətinin dəyişməsi ilə qarşılaşmağımız təsadüfi deyil. Çünki Qarabağ işğal altında qaldığı müddətdə ümumiyyətlə hər hansı regional kommunikasiyaların açılmasından, tranzit layihələrin işə düşməsindən söhbət etmək mümkün deyildi və belə olan halda sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə marşrutu ətrafında müzakirələr gedirdi. Amma bu gün Qarabağ işğalının bitməsindən sonra yaranan yeni imkanlar, sülhün paraflanması və Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi münasibətlərin də bərpa olunması, Şərqdən Qərbə uzanan və hazırda ən yaxşı alternativ hesab olunan iqtisadi əlaqələrin yeni başlanğıcı sayılan bir dəhlizin açılması bütün tərəflər üçün cazib görünür. Bu, "Bir kəmər - bir yol" layihəsinin iştirakçıları üçün də belədir, həmçinin  Orta Dəhliz vasitəsilə Şərqlə Qərb arasında ticarətdən pay götürəcək bütün tərəflərin maraqlarına uyğundur. Ümumavropa maraqlarında isə bu layihə təkcə maddi üstünlüklər və ya iqtisadi qazanc kimi görünmür. Eyni zamanda Avropa dövlətlərinin iqtisadi müstəqilliyi üçün strateji əhəmiyyət daşıya bilər. O nöqtədə ki, İranla Avropanın münasibətlərinin həssaslığı hər kəsə bəllidir. Sanksiyalar və fikir ayrılıqları fonunda İran-Avropa münasibətləri uzun illərdir düzəlmir və yaxın perspektivdə də düzələcək kimi görünmür. Eyni zamanda Rusiyanın Şərqə və Avropaya qarşı atdığı addımlar, bütün Avropanı təhdid etməsi, Rusiyadan keçən nəqliyyat-tranzit yollarının və iqtisadi layihələrin Avropanın iqtisadi suverenliyi üçün təhlükəyə çevrildiyi riskini ortaya qoydu və Avropa faktiki olaraq bu cür risklərlə üz-üzə qaldı. Cənubi Qafqaz alternativi isə Avropa üçün həm təhlükəsizdir, həm də daha geniş perspektiv vəd edir. Çünki nə Azərbaycan, nə Gürcüstan, nə də Ermənistan  Avropa ilə milli maraqların toqquşmasını yaşamırlar. Cənubi Qafqaz ölkələrinin Avropaya qarşı hər hansı iddiası və ya təhlükə yaradacaq addımları da müşahidə olunmur. Ona görə də Avropa əmindir ki, Cənubi Qafqaz onun xarici siyasəti və təhlükəsizlik maraqları üçün təhlükə formalaşdırmır. Əvəzində isə bu bölgə Avropa üçün çox ciddi alternativ təklif edir. Bu, Çin bazarlarına daha qısa çıxış, digər Asiya bazarlarına daha qısa marşrut, daha az xərc və daha böyük imkanlar deməkdir.
Bu da Ermənistanın öz xarici siyasətində dəyişikliklərə getməsinə səbəb olur və bunu artıq görürük. Ermənistan tərəfi anlayır ki, Azərbaycan və Türkiyə ilə düşmən münasibətlər onun öz maraqlarına ziddir, ona "havadarlıq" edən dövlətlər - Rusiya və Fransa əslində Ermənistanın gələcəyini qaranlıqda saxlayır. Ona görə də Paşinyan hakimiyyəti bu siyasəti dəyişməyə çalışır. Paşinyanın məqsədi avantürist ideyaların arxasınca getmək yox, iqtisadi əlaqələrdə iştirak edib daha böyük qazanc əldə etmək və güclü Ermənistan iqtisadiyyatı formalaşdırmaqdır.
Bu səbəbdən Ermənistan nazirinin açıqlamalarına da məhz bu kontekstdə baxmaq lazımdır. Əslində erməni naziri nə Avropanın, nə Şərqin, nə də Azərbaycanın və Türkiyənin maraqları üçün bunu demirlər. Onlar artıq düzgün hesablayırlar ki, reallıqlarda tərəfdaşlıqlar qurulmalıdır, iqtisadiyyat əsas faktora çevrilməlidir və bütün bunlar Ermənistanın gələcək maraqlarına hesablanır. Bu gün Ermənistan dövləti "bu torpaq mənimdir, o torpaq mənimdir" kimi şovinist düşüncələrdən uzaqlaşmalıdır. Hətta diqqət etsəniz, cəmiyyət də bu düşüncədən uzaqlaşdırılmağa çalışılır. Yaxın hədəf odur ki, regional kommunikasiyalar açılsın, tranzit-nəqliyyat layihələri həyata keçirilsin və Ermənistan bundan fayda götürsün. Beləcə Rusiyadan olan ciddi asılılıq azalsın ki, bu da siyasi asılılığın müəyyən qədər zəifləməsi ilə nəticələnə bilər.
Qərbin Ermənistana diqqət məsələsinə gəlincə, Avropa yaxşı anlayır ki, quru yollar daha təhlükəsizdir, çünki keçdiyi ölkələr təhlükəsizliyə zəmanət verir. Eyni zamanda quru yolla daşınmalar iqtisadi baxımdan da sərfəlidir. Avropa dövlətləri hesab edir ki, quru yolla Şərqlə ticarəti canlandırmaq üçün üç alternativ var: Rusiya üzərindən, İran üzərindən və Cənubi Qafqazdan.
Rusiya variantının hansı riskləri doğurduğu məlumdur. İran variantı isə sanksiyalar və fikir ayrılıqları səbəbindən risklidir. Avropa dövlətləri İran iqtisadiyyatını canlandıraraq "yeni Rusiya" yaratmaq istəmirlər. Belə olan halda Cənubi Qafqaz ən qısa, ən faydalı və ən strateji marşrut kimi Avropa üçün daha cazibədardır. Ona görə də Avropa Ermənistanı keçmişin ziyanlı düşüncələrindən uzaqlaşdırmağa və regional kommunikasiyaların tezliklə açılmasına dəstək verməyə çalışır. Təbii ki, burada Avropanın öz iqtisadi və təhlükəsizlik maraqları dayanır. 
Bu gün Orta Dəhliz elə bir platformaya çevrilib ki, bütün tərəflər burada qazanc əldə edə bilirlər. Sadəcə, erməni cəmiyyətində kök salmış şovinist düşüncələrdən uzaqlaşmaq və Ermənistan dövlətinin bu istiqamətdə konkret addımlar atmasına nail olmaq qalır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr