AZ

Vaşinqtondan Bakıya uzanan etimad xətti: Tramp və Əliyevin mesajları regionda nəyi dəyişəcək? - ÖZƏL

Azərbaycan  prezidenti  İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür məktubu ünvanlayaraq onun sülh və sabitliyə verdiyi töhfələri yüksək qiymətləndirib. Prezident Trampın bu fəaliyyətini Nobel Sülh Mükafatına layiq hesab etdiyini və iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə inandığını bildirib.

Prezidentlərin qarşılıqlı hörmət və sülhə dəstək mesajları regionda dialoq mühitinə necə töhfə verə bilər? Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 

" Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Donald Trampdan əvvəlki Bayden administrasiyası dövründə ABŞ hökuməti neytrallıq prinsipindən kənara çıxaraq, Ermənistanı hərtərəfli şəkildə dəstəkləmişdi. Bu dövrdə müxtəlif müqavilələr, yardım paketləri və siyasi dəstək mesajları verilirdi. Hətta Bayden hakimiyyətdən getməyə az qalmış "ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası"da imzalandı. Bir sözlə Tramp və Bayden administrasiyalarının həm regiona, həm də ölkəmizə münasibətdə siyasi və diplomatik yanaşmaları arasında çox böyük fərq var. Bayden dövründə siyasət daha çox Ermənistanı dəstəkləməyə yönəlmişdisə, Donald Tramp Cənubi Qafqazda balansı qorumağa çalışır, münasibətlərin kəskinləşməsinin qarşısını almaq üçün daha neytral mövqe nümayiş etdirir. Bu yanaşma regionda gərginliyin azalmasına töhfə verən mühüm amillərdən biri idi. Çünki birtərəfli siyasət adətən ölkələr arasında ziddiyyətləri artırır və yeni siyasi gərginliklər yaradır.
Azərbaycan və ABŞ prezidentlərinin bir-birinə qarşı olan hörməti də Cənubi Qafqazdakı siyasi mühitə müsbət təsir göstərir. Liderlər arasında dialoqa əsaslanan yanaşma qarşıdurmanı deyil, əməkdaşlığı və birbaşa ünsiyyəti təşviq edir. Vaşinqton görüşündən sonra regiondakı siyasi gərginliyin azalması, eləcə də tranzit, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı bunun bariz nümunəsidir.
ABŞ kimi böyük bir dövlətlə əlaqələrin müsbət istiqamətdə inkişafı həm region ölkələri, həm də Azərbaycan üçün olduqca faydalıdır. Bu əlaqələr diplomatik kanalların genişlənməsinə, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üçün yeni imkanların açılmasına şərait yaradır. ABŞ-ın dialoqda maraqlı olması və vasitəçi platformalar yaratması sülh təşəbbüslərini də daha güclü edir. Prezidentlər arasındakı qarşılıqlı etimad, təbrik mesajları, Donald Trampın Prezident İlham Əliyev haqqında müsbət fikirləri və  Prezident İlham Əliyevin Trampın sülh səylərinə verdiyi dəstək proseslərə beynəlxalq diqqəti artırır və inam mühitini gücləndirir.
ABŞ-Azərbaycan əlaqələrinin tarixində müxtəlif dövrlərdə administrasiyaların fərqli yanaşmaları səbəbindən münasibətlərdə eniş-yoxuşlar yaşanıb. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra ölkəmizə qarşı təzyiq vasitələrinin, sanksiya çağırışlarının və beynəlxalq təşkilatlarda Azərbaycana yönəlmiş təzyiqlərin azalması müşahidə olundu. Bu da ümumi etimadı artıran, siyasi riskləri və ölkəmizə qarşı olan təzyiqləri yumşaldan amillərdən biridir.
Eyni zamanda,  ABŞ-ın TRIPP( Zəngəzur dəhlizi) ilə bağlı layihələrdə iştirakı regional əməkdaşlığı genişləndirir, etimad mühitini gücləndirir və iqtisadi layihələrdən tutmuş təhlükəsizlik sahəsinə qədər yeni real əməkdaşlıq imkanları yaradır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr