Bələdiyyələrin vətəndaşlardan topladığı əmlak və torpaq vergiləri məsələsi son dövrlər geniş müzakirə olunur. Bələdiyyə nümayəndələri qapıları döyərək, vətəndaşlara qəbzlər təqdim edir və onların əlaqə nömrələrindən istifadə edərək ödənişlərin vaxtında həyata keçirilməsini təmin etməyə çalışırlar. Bu əsnada bir məsələni qeyd edək ki, vətəndaş mülkiyyət üçün sənəd təqdim etdiyi zaman həmin sənədlərdə göstərilən əlaqə nömrələri bələdiyyəyə ötürülür və həmin nömrələr zatən bələdiyyələrdə olur. Ödəniş edilmədikdə bildirişlər həmin mobil nömrələrə göndərilir və müəyyən müddət keçdikdən sonra iş icra şöbəsinə yönləndirilir. Əgər vergi hələ də ödənməzsə, mülkiyyət sahibinin ölkədən çıxışına məhdudiyyət qoyulur.
Bu prosedur torpaq sahələrinə və torpaq üzərindəki xüsusi mülkiyyət obyektlərinə tətbiq olunur.
Bəs bu xüsusda vergi necə hesablanır, neçə ildən hesablanmalıdır? Məsələn, bəzi bələdiyyələr son 3 ilin, bəziləri son 5 ilin, bəziləri isə son 1 ilin vergisini hesablayır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki,bələdiyyə vergilərinin hesablanmasında əmlakın qeydiyyata alınma tarixi əsas götürülməlidir.
Hüquqşünas həmçinin bildirib ki bələdiyyələrin vətəndaşlardan topladığı vergilər yalnız qanun çərçivəsində olmalıdır:
“Bələdiyyə nümayəndələrinin vətəndaşlara qanunsuz ödəniş tələb etməsi yolverilməzdir və hər hansı qeyri-qanuni hərəkət aşkar olunduqda vətəndaşın hüquqi müdafiə imkanları mövcuddur”.
Həsənovun sözlərinə görə, bələdiyyələr yalnız “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun və Azərbaycan Respublikası Vergi Məcəlləsi çərçivəsində vergiləri hesablamalıdır.
“Qanunda bu məsələlər açıq şəkildə göstərilib:
Vergi Məcəlləsi, maddə 128.1: “Torpaq və əmlak üzərində bələdiyyə vergisi, qanunda göstərilən dərəcələr əsasında hesablanır və mülkiyyət qeydiyyata alındığı tarixdən etibarən tətbiq olunur.”
Vergi Məcəlləsi, maddə 134.2: “Vergi borcunu ödəməyən vətəndaşlara ödəniş xatırlatmaları göndərilməli, ödəniş edilmədikdə qanuni prosedurla icra tədbirləri görülməlidir.”
Bələdiyyə Vergiləri Qanunu, maddə 4: “Vətəndaşlar bələdiyyə vergiləri barədə məlumatlandırılmalı, ödənişlərin toplanması və icrası şəffaf və qanuni qaydada həyata keçirilməlidir.”
Həsənov həmçinin qeyd edib ki, bələdiyyə vergilərinin hesablanmasında aşağıdakı məqamlar hüquqi baxımdan vacibdir:
Əmlakın qeydiyyata alınma tarixi əsas götürülməlidir.
Vergi yalnız qanunla müəyyən edilmiş dövr üçün hesablanmalıdır (məsələn, son 1, 3 və ya 5 il).
Ödəniş edilmədikdə tətbiq edilən faiz və məhdudiyyətlər qanun çərçivəsində olmalıdır.
Vətəndaşlar ödənişlər barədə məlumatlandırılmalı və prosedurlar şəffaf aparılmalıdır”.
Hüquqşünas vurğulayır ki, bələdiyyələr vergilərin toplanmasında vətəndaşların hüquqlarını qorumaq və şəffaflığı təmin etmək öhdəliyinə malikdir:
“Hər hansı qanunsuz tələb aşkar edildikdə vətəndaşlar məhkəmə və ya dövlət vergi orqanlarına müraciət edə bilər”.