“ABŞ Konqresində Azərbaycana yardımlar üzərindəki məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsinin irəli sürülməsi Vaşinqtonun region siyasətində prioritetlərini yenilədiyini göstərir”.
Bu barədə Hurriyyet.az-a politoloq Züriyə Qarayeva bildirib.
“Bu addım Azərbaycanın artan geosiyasi çəkisi, enerji təhlükəsizliyində oynadığı rol və postsovet məkanında yeni balans yaradan aktor kimi mövqeyi ilə bağlıdır”,- deyə politoloq əlavə edib.

Z. Qarayeva qeyd edib ki, ABŞ eyni zamanda Bakının Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə qurduğu nəqliyyat və təhlükəsizlik əməkdaşlığını öz maraqları ilə uyğun hesab edir: “Qanun layihəsi qəbul edildiyi halda, Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ açılacaq və ABŞ regionda təsir imkanlarını genişləndirməyə çalışacaq. Rusiya nümayəndə heyətinin Bakıya səfəri və ABŞ Konqresindəki təşəbbüs Azərbaycanın böyük güclər arasında artan strateji dəyərini və ölkənin diplomatik manevr imkanlarının daha da genişləndiyini göstərir”.
Qeyd edək ki, dekabrın 9-da ABŞ Nümayəndələr Palatasına H.R.6534 saylı qanun layihəsi təqdim olunub. Layihə Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur.
CAVİD