
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Azərbaycan beynəlxalq əhəmiyyətə malik tranzit yollarının üzərində yerləşir və bu amil təmsil olunduğumuz regionun geosiyasi anlamda mürəkkəb durumunun əsas səbəblərindən biridir. Bəlli tranzit yollarına, habelə nəqliyyat dəhlizlərinə nəzarət uğrunda beynəlxalq güc mərkəzləri və region dövlətləri arasında gedən mübarizə Azərbaycandan bəlli güc mərkəzləri ilə münasibətlərdə problemlərin yaranmaması, regional gərginliyin səngiməsi naminə balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət qarşı tərəflərlə münasibətlərdə qarşıdurmadan yayınmağa, problemləri qarşılıqlı maraq və mənfəət müstəvisi üzərində həll etməyə imkan verir, dövlətin manevr imkanlarını artırır, milli maraqlarımıza uyğun siyasətin həyata keçirilməsinə şərait yaradır.
Azərbaycanın Xəzər şelfində olan nəhəng enerji resursları, Xəzər hövzəsi ətrafında geosiyasi durum Azərbaycandan həm bu resursların Avropa və dünya bazarlarına çıxarılması üçün təhlükəsizliyə zəmanət verilə biləcək yolların müəyyən edilməsini, həm də onların rentabelliyinin təminatı üçün çevik və dinamik xarici siyasət kursunun həyata keçirilməsini tələb edirdi. Yalnız belə bir idarəçilik modeli ilə Azərbaycan öz milli maraqlarına cavab verə biləcək xarici siyasi kursu həyata keçirə və onun uğuruna ümid edə bilərdi".
Zeynəb Mustafazadə