Cəbrayıl, 11 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Horovlu kəndində inşa edilən 624 şagird yerlik məktəb binası müasir standartlara cavab verir. Hazırda məktəbimizdə 103 şagird təhsil alır. Sevindirici haldır ki, məktəbdə çalışan 17 müəllimin hamısı Horovlu sakinidir, onların arasında bir vaxtlar bu məktəbi şagird kimi tərk edənlər də var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Horovlu kənd məkətbinin direktoru Zamiq Həmzəyev bildirib.
O qeyd edib ki, Horovlu kənd tam orta məktəbi 1967-ci ildə fəaliyyətə başlayıb. Məktəb əvvəl ibtidai təhsil müəssisəsi olub, sonra səkkizillik və onillik ümumtəhsil məktəbinə çevrilərək fəaliyyətini davam etdirib.
“İşğal zamanı Horovlunun şagirdləri ölkəmizin müxtəlif şəhər və qəsəbələrində öz təhsillərini davam etdiriblər. Buna baxmayaraq ümid edirdik ki, doğma kəndimizə qayıdacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı, torpaqlarımız işğaldan azad edildi. Həsrət sona çatdı və öz doğma yurdumuza qovuşduq. Həm də biz müəllimlər öz kollektivimizlə doğma kəndimizdəyik. Şagirdlərimiz gələcəyə doğru öz ata-baba yurdlarında addımlayır və onların uğurlarını gözləyirik. Çünki Horovlu məktəbi fəaliyyət göstərdiyi hər dövrdə vətənpərvər, eyni zamanda, bir çox dövlət və ictimai xadimlər, alimlər və nüfuzlu ziyalılar yetişdirib. Kəndin I Qarabağ müharibəsində 22, II Qarabağ müharibəsində isə 5 şəhid olub" - deyə məktəb direktoru bildirib.