Bakı, 11 dekabr, AZƏRTAC
Bu konfrans və sərgidə iştirakımız bütün mənalarda səmərəli oldu. Biz burada həm hazırkı müştərilərimiz ilə görüşüb əməkdaşlıq əlaqələrimizin davamını müzakirə etdik, həm də yeni tərəfdaşlar taparaq biznesin inkişafını təmin etməyə çalışdıq.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Stats Group” şirkətinin meneceri Endi Norrie deyib.
Onun sözlərinə görə, Böyük Britaniyada yerləşən şirkət dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.
“Şirkətimiz boruların tutulmasının qarşısını almaqla yanaşı onların təmizlənməsini təmin edir. İstər neft və qazın nəql olunduğu borular, istər su, istərsə də digər iri boru xətləri zaman keçdikcə tutula bilir, ötürücülüyü azalır və onun təmizlənərək açılması zərurəti yaranır. Sərgi çərçivəsində bir sıra yerli və xarici şirkətlərlə danışıqlar apardıq və əməkdaşlıq planları qurduq. Biz Azərbaycan bazarına maraq göstəririk. Bunun üçün ölkənizdə kifayət qədər münbit şərait var. Azərbaycanla yanaşı Xəzəryanı ölkələrlə əməkdaşlıqda da maraqlıyıq”, - deyə şirkət menenceri nəzərə çatdırıb.
Endi Norrie bildirib ki, Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) yüksək səviyyədə təşkil olunub: “Burada dünyanın müxtəlif ölkələrindən 500 nümayəndə, 50-dən çox ekspert və 35 şirkət iştirak edir”.