AZ

“Rusiya proseslərdən kənarda qalmaq istəmir” SAMİR HÜMBƏTOV

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri-nümayəndəsi Dmitri Litskay deyib ki, Cənubi Qafqaz regionunda nəqliyyat layihələri Rusiya və İranın iştirakı olmadan gəlirli deyil.

Onun sözlərinə görə, həm Rusiyanı, həm də İranı əhatə edən marşrutlar əsasən sınaqdan keçirilmiş, inteqrasiya proseslərinə əsaslanan layihələrdir.

Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov qeyd edib ki, Rusiya əslində açıq şəkildə mesaj ötürür ki, Cənubi Qafqazda istənilən layihə onun iştirakı olmadan reallaşa bilməz.

“Yəni, Moskva bunun mesajını verir, lakin bunu mən mane olaram kimi sərt formada ifadə etmək istəmir. Çünki burada Rusiyadan daha güclü aktorlar – xüsusilə Çin və ABŞ – prosesin əsas iştirakçıları sırasındadır.

Azərbaycan isə bu layihələrin təşkilatçısı və aparıcı qüvvələrindən biridir. Eyni yanaşma ABŞ və Çinə də aiddir. Bu səbəbdən Rusiya açıq şəkildə deməyə çəkinir ki, mən olmadan bu layihələrin icrasına imkan verməyəcəm. Bunu deyə bilmir, çünki siyasi və geosiyasi reallıqlar buna mane olur. Amma eyni zamanda da prosesdən tam kənarda qalmaq istəmir. Məsələ məhz bundadır ki, Rusiya geri durmaq istəmir, amma açıq təhdid dilindən də istifadə edə bilmir. Rusiya bu yolla əslində məni də daxil edin mesajını ötürür”,-deyə o əlavə edib.

Samir Hümbətov qeyd edib ki, əgər 10 noyabr razılaşması planlaşdırıldığı kimi icra olunsaydı, Rusiya məsələnin yekunlaşdırılmasında əsas söz sahibinə çevrilə bilərdi:

“Amma həm Ermənistan, həm də Rusiya bu prosesdə maraqsız göründü və nəticədə Moskva ciddi qazanc əldə etmədi, regionda mühüm aktor statusunu itirdi. Bu səbəbdən indi yenidən oyuna qayıtmaq istəyir, lakin hələlik bu cəhdlər nəticə vermir.

Rusiya indi öz mesajını tək ötürmür, İranı da məsələnin içinə qatmaqla bildirir ki, biz də burdayıq, bizi də diqqətdən kənarda saxlamayın. Moskva yaxşı bilir ki, İran istəsə də, istəməsə də, bu proseslərdə yalnız yedək aktor rolunu oynaya bilər.

Rusiya böyük ehtimalla Şimal–Cənub nəqliyyat dəhlizini nəzərdə tutur. Amma bu layihələr Rusiyanın iştirakı olsun və ya olmasın, onsuz da regional olaraq effektivdir. Çünki burada Azərbaycanın, Türkiyənin, Qərbin və Çinin ciddi marağı mövcuddur. Bu isə söhbətin böyük bir meqa layihədən getdiyini açıq şəkildə göstərir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
icma.az

1Mənbələr