Son zamanlar müxtəlif ölkə mediasında Maddox DMCC şirkəti və onun fəaliyyətləri barədə xəbərlər yayılmaqdadır. Aparılan araşdırmalar göstərir ki, şirkət 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay sərbəst zonası — Dubai Multi Commodities Centre (DMCC) çərçivəsində Rövşən Təhmrazov tərəfindən təsis edilib. Şirkətin rəsmi ünvanı: Unit No: 401, Swiss Tower, Jumeirah Lake Towers – Cluster Y, Dubai, UAE. Maddox DMCC, Maddox qrupunun tərkib hissəsi olub, ana şirkəti isə Maddox SAdır.
Rövşən Təhmrazov kimdir?
Rövşən Təhmrazovun şəxsi həyatı və bu sektora necə gəldiyi barədə açıq nə mediada nə də açıq mənbələrdə məlumatlar yoxdur.
Şirkətin fəaliyyət sahəsinə nəzər saldıqda, Maddox DMCC əsasən enerji və mal-ticarəti (commodity trading) üzrə ixtisaslaşıb. Şirkət neft, neft məhsulları və digər mal-komoditələrin ticarəti ilə məşğuldur və rəsmi məlumatlara görə, fəaliyyətini Xəzər dənizi, Qara dəniz, Balkan, keçmiş SSRİ ölkələri, Baltika və Aralıq dənizi bölgələrini əhatə edir. Maddox DMCC həmçinin ticarət, logistika, risk-menecment və ön maliyyələşdirmə (pre-financing) xidmətləri göstərir.
Rövşən Təhmrazov 2012-ci ildə Maddox DMCC-ni təsis etdikdən sonra, 2013-cü ildə Maddox SA-nı formalaşdırıb və 2015-ci ildə PS-Trading adını dəyişərək Maddox SA adlandırıb. Şirkətin ofisləri və nümayəndəlikləri İsveçrə (Cenevrə), Gürcüstan (Tbilisi), Macarıstan (Budapeşt) və digər ölkələrdə fəaliyyət göstərir.
Son illərdə Maddox DMCC ilə bağlı xəbərlər, xüsusilə Rusiyadan xam neft və neft məhsullarının idxalı-ixracı kontekstində mübahisəli məsələlər əhatə edir. 2025-ci ilin noyabrına dair məlumatlara görə, şirkətin idxalının təxminən 90,35%-i Rusiyadan olub. Bu əməliyyatlar beynəlxalq sanksiyalar və tənzimləmələr çərçivəsində diqqət mərkəzindədir.
Rövşən Təhmrazovun xarici mediada yayılan məlumatlara görə şəxsi hesabında 78 milyon ABŞ dolları var və bu vəsait fonunda İngiltərə vətəndaşlığını alıb. Hazırda o, London şəhərinə köçərək, Maddox şirkətlərini uzaqdan idarə edir.
Nubar Əliyeva kimdir?
Araşdırmalar göstərir ki, Nubar Əliyeva Maddox qrupuna bağlı bəzi ofşor şirkətlərdə, o cümlədən Danais Trade Ltd (Malta) və Argo Navis Limited-də direktor kimi qeyd olunub. Danais Trade Ltd şirkətinin səhmdarları arasında Maddox DMCC də vardır. Nubar Əliyeva bu şirkətlər vasitəsilə Maddox-un ofşor strukturlarında rol oynayıb və 2025-ci ildə yayımlanan hesabatlarda Ukrayna yanacaq bazarına dair ticarət əməliyyatlarında imza hüququ olan şəxslərdən biri kimi göstərilir.
Onun Azərbaycanda hər hansı biznes fəaliyyəti məlum deyil və neft sənayesi sahəsində fəaliyyəti açıqlanmamışdır. Bu səbəbdən, Nubar Əliyevanın bir sıra ofşor şirkətlərin başına gətirilməsi və beynəlxalq ticarət əməliyyatlarında imza hüququ sahibi olması, ölkəmizin adını sanksiyalar riski altında qoya biləcək şübhələr doğurur.
Maddox DMCC və ona bağlı ofşor şirkətlər (Danais Trade, Argo Navis) xarici mediada Rusiya mənşəli neft məhsullarının tranziti, ticarəti, daşıma və yenidən markalanması kimi məsələlər kontekstində diqqət mərkəzindədir. Şirkət, bəzi məqalələrdə pivot/trading network strukturunda, yəni kompleks ofşor şəbəkələr və logistika vasitəsilə neft satışında iştirak edən bir şirkət kimi təsvir edilir.
Maddox DMCC və əlaqəli şəxslər — Rövşən Təhmrazov və Nubar Əliyeva — beynəlxalq media və hüquqi araşdırmalarda diqqət mərkəzində olan mövzulardandır. Şirkətin fəaliyyəti, ofşor strukturlar vasitəsilə həyata keçirilən əməliyyatları və Rusiyadan neft idxalı konteksti xüsusilə araşdırılmağa layiqdir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələləri diqqətə alacağı gözlənilir.
Vətəninfo.az
