AZ

Əzizə Məhərrəmova: “Arşın mal alan”da baş rolu ifa etmək böyük şərəf və məsuliyyətdir

Bakı, 11 dekabr, Günel Alıyeva, AZƏRTAC

Üzeyir Hacıbəyli klassik musiqimizin təməlini qoyan dahi Azərbaycan bəstəkarıdır. Məhz o, Şərqdə ilk opera olan “Leyli və Məcnun”u yazıb və bununla da muğam və opera sənətinin üzvi birləşməsinə yol açıb. O, təxminən 20 il ərzində geniş tədqiqatlar aparıb və nəticədə iki cildlik “Azərbaycan xalq musiqisinin əsasları” adlı mühüm əsər yaradıb. Bu əsər klassik musiqidə muğamın istifadəsinin elmi əsasını təşkil edir. Üzeyir bəyin sayəsində onun müasirləri və sonrakı bəstəkarlar muğamı yenidən inkişaf etdirə və diqqətlə qoruyub saxlaya biliblər.

Bu barədə Bülbül adına İxtisaslaşdırılmış Orta Musiqi Məktəbinin tələbəsi və “Günay” Uşaq Teatrının üzvü Əzizə Məhərrəmova AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin orkestrə Azərbaycan xalq çalğı alətlərini daxil etməsi eyni dərəcədə vacibdir. Bu, Azərbaycan musiqisinin səslənməsinə və muğamın qavranılmasına dərin təsir göstərib, onu həm dinləyicilər, həm də ifaçılar üçün daha yaxın və anlaşılan edib.

Bəstəkarın Azərbaycan musiqiçilərinin ondan sonrakı nəsillərinə təsirinin nə dərəcədə əhəmiyyətli olduğu barədə suala cavab verən gənc sənətçi bunun həqiqətən çox böyük olduğunu qeyd edib.

“Üzeyir Hacıbəyli təkcə dahi bəstəkar deyil, həm də görkəmli müəllim idi. Onun sonradan Azərbaycana bütün dünyada şöhrət gətirən bir çox tələbəsi var. Qara Qarayevi, Niyazini və başqalarını xatırlamaq kifayətdir”, - deyə Əzizə Məhərrəmova vurğulayıb.

Əsas rollardan birini ifa etdiyi “Arşın mal alan” tamaşasındakı iştirakından danışan Əzizə bunu xüsusi bir məsuliyyət kimi qəbul etdiyini qeyd edib: “Mənim üçün bu, sadəcə bir rol deyil, o dövrün mədəniyyətini və atmosferini daha dərindən dərk etmək üçün bir fürsətdir”.

Seçilən
74
azertag.az

1Mənbələr