AZ

Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında yeni və daha çevik əməkdaşlıq formatlarının əsasını qoyan dönüş nöqtəsidir - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərini yüksəltməklə yanaşı, tərəflərin qarşılıqlı siyasi iradəsini və gələcəyə yönəlmiş əməkdaşlıq vizyonunu daha da gücləndirir. Səfər zamanı aparılan təkbətək və geniştərkibli danışıqlar da göstərir ki, Azərbaycan və Slovakiya münasibətlərin dərinləşdirilməsi üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində kifayət qədər geniş və real birgə fəaliyyət imkanlarına malikdirlər. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, böyük enerji resurslarına, təchizat infrastrukturuna, geniş tranzit imkanlarına malik və regionun ən güclü iqtisadiyyatına sahib olması Bratislavanın Bakı ilə əlaqələrin genişləndirilməsində marağını şərtləndirən əsas amillərdir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu münasibətləri hüquqi-siyasi baxımdan ən yüksək mərhələyə qaldırıb və bu sənədin təsiri artıq real sahələr üzrə konkret əməkdaşlıq planlarında özünü göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, energetika sahəsi Azərbaycan–Slovakiya münasibətlərinin əsas və strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan qazının ötən il ilk dəfə Slovakiyaya çatdırılması enerji əməkdaşlığının gələcəkdə daha da genişləndirilməsi üçün ciddi başlanğıcdır. Azərbaycanın mövcud və perspektiv qaz yataqları, həmçinin yeni hasilat və tranzit imkanları ölkəmizə Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu daha da möhkəmləndirmək imkanı verir. Slovakiyanın da enerji təchizatını şaxələndirmə strategiyası fonunda Bakı ilə bu sahədə əməkdaşlığı həm iqtisadi, həm də siyasi baxımdan böyük perspektiv vəd edir.

Slovakiyanın NATO və Aİ üzvü kimi müasir standartlara uyğun hərbi-texniki istehsal potensialı, Azərbaycanın isə regional təhlükəsizlik arxitekturasında artan rolu və hərbi sənaye üzrə son illərdə genişlətdiyi yerli istehsal xətti tərəfdaşlıq üçün rasional baza yaradır. Azərbaycanın müdafiə sənayesinin modernləşmə kursu, xüsusən pilotsuz sistemlər, zirehli texnika, rabitə və elektron müharibə vasitələrinin istehsalı istiqamətləri Slovakiyanın texnoloji təcrübəsi və sənaye infrastrukturu ilə sinerji yarada bilər. Slovakiya şirkətlərinin sursat və zirehli platformalar sahəsində təkmilləşmiş məhsullar təqdim etməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı ilə bağlı siyasətlə uzlaşır. Bu isə birgə istehsal, komponentlərin kooperasiyası və texnoloji transfer imkanlarını genişləndirir. Eyni zamanda, Slovakiyanın Şərqi Avropa regionunda artan təhlükəsizlik tələbatı səbəbilə müdafiə sənayesi bazarını şaxələndirmək marağı Azərbaycan bazarını strateji tərəfdaş məkanına çevirə bilər.

Deputat qeyd edib ki, Azərbaycanın Slovakiya ilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq perspektivləri daha geniş geoiqtisadi transformasiyalar fonunda baş verir. Azərbaycan Orta Dəhliz, Şimal-Cənub və Bakı–Tbilisi–Qars xətti daxil olmaqla, çoxşaxəli marşrutlarda açar tranzit mövqeyinə sahibdir. Slovakiyanın Mərkəzi Avropada yerləşməsi və Aİ-nin daxili logistika qovşaqlarına çıxışı Azərbaycan üçün mühüm tamamlayıcı funksiyanı yerinə yetirə bilər. Slovakiya liman infrastrukturuna malik olmasa da, ölkə ərazisindəki Trans-Avropa Nəqliyyat Şəbəkəsinin magistralları və dəmir yolu əlaqələri Azərbaycandan keçən yük axınlarının Mərkəzi Avropaya yönləndirilməsində operativ imkan yaradır. Azərbaycan üçün əsas perspektiv Slovakiyanın logistika operatorları ilə inteqrasiyanın gücləndirilməsi, multimodal daşımaların koordinasiyası və Bakı limanının Avropa plastında daha sistemli şəkildə mövqe qazanmasıdır. Slovakiya isə Orta Dəhliz vasitəsilə Asiya bazarlarına çıxış imkanlarını genişləndirmək və yeni tədarük zəncirlərinin formalaşmasında iştirak payını artırmaq potensialı əldə edə bilər.

İnformasiya texnologiyaları və data mərkəzlərinin yaradılması sahəsində aparılan müzakirələr müasir qlobal iqtisadiyyatın tələblərinə uyğun yeni əməkdaşlıq istiqamətidir. Azərbaycanın geniş enerji ehtiyatları və soyuq iqlimə malik bölgələrinin olması ölkəni beynəlxalq data mərkəzi infrastrukturu üçün əlverişli platformaya çevirir. Slovakiya şirkətlərinin bu sahədə iştirakı gələcəkdə rəqəmsal ekosistemin birgə inkişafını mümkün edə bilər.

“Humanitar, təhsil və mədəni əməkdaşlıq, eləcə də turizm sahəsində əlaqələrin inkişafı, bir qayda olaraq ölkələr arasında ictimai diplomatiyanın güclənməsinə töhfə verir. Slovakiya şirkətinin azad edilmiş ərazilərimizdə “ağıllı kənd” layihəsində iştirakı bu ölkənin Azərbaycanın Böyük Qayıdış strategiyasına dəstək verməyə hazır olduğunu nümayiş etdirir. Hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi isə ticarət, biznes və turizm axınlarının artırılmasına xidmət edən mühüm addımdır”, - deyən Elçin Mirzəbəyli onu da bildirib ki, Prezident İlham Əliyevin Slovakiyada yüksək səviyyədə qarşılanması, iki ölkə rəhbərlərinin münasibətlərdə qarşılıqlı etimad və dostluğa əsaslanan mesajları Bratislavanın Bakıya verdiyi siyasi dəstəyin əhəmiyyətini daha da artırır. Slovakiyanın Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin ildönümündə yüksək səviyyədə təmsil olunması da dostluq münasibətlərinin real nümunəsi kimi diqqət çəkir.

“Bütün bu məqamlar göstərir ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri yalnız diplomatik hadisə deyil, iki ölkə arasında yeni və daha çevik əməkdaşlıq formatlarının əsasını qoyan dönüş nöqtəsidir. Bu səfər həm iqtisadi, texnoloji, enerji, müdafiə və nəqliyyat sahələrində konkret layihələrin icrasına təkan verəcək, həm də Azərbaycan–Slovakiya münasibətlərini Avropa–Qafqaz müstəvisində yeni strateji səviyyəyə yüksəldəcək platforma kimi çıxış edir”, - deyə o qeyd edib.

Seçilən
44
azertag.az

1Mənbələr