
ABŞ Prezidenti Donald Tramp ən azı 1 milyon dollar ödəyə bilən varlı xarici şəxslərə sürətləndirilmiş viza və vətəndaşlıq yolu açan yeni proqramı təqdim edib.
Tramp sosial mediada verdiyi açıqlamada kartın keyfiyyətli və təhlükəsizlik yoxlamasından keçmiş şəxslər üçün birbaşa vətəndaşlıq yolu təmin etdiyini bildirib.
İlin əvvəlində elan edilən “Gold Card” ABŞ-a əhəmiyyətli fayda təmin edəcəyini sübut edən şəxslərə veriləcək. Proqram Vaşinqtonun miqrasiya nəzarətlərini sərtləşdirdiyi bir dövrdə tətbiq olunub. ABŞ administrasiyası işçi vizası ödənişlərini artırıb və icazəsiz miqrantların ölkədən çıxarılmasını sürətləndirib.
"Gold Card" proqramı ABŞ-da vətəndaşlığın rekord müddətdə təmin olunacağını vəd edir. Bildirilir ki, 1 milyon dollar ödəmək, müraciətçinin ölkəyə mühüm töhfə verəcəyinin sübutu hesab olunur.
Bu proqram çərçivəsində işçilərini dəstəkləmək istəyən şirkələrin isə 2 milyon dollar ödəməsi tələb olunur. Kartın xüsusi vergi üstünlükləri təqdim edən “platinum” versiyasının da yaxın zamanda 5 milyon dollara satışa çıxarılacağı qeyd olunur.
Müraciət edən şəxslər əlavə olaraq geri ödənməyən 15 min dollarlıq əməliyyat haqqını ödəməlidirlər. Bəzi hallarda müraciətin qiymətləndirilməsi üçün əlavə dövlət haqları tələb oluna bilər.