Nüfuzlu “Time” jurnalı aktyor Leonardo Di Kaprionu ilin aktyoru kimi tanıyıb. Jurnalistlər qeyd ediblər ki, Leonardo Di Kaprio çoxlarının həsəd aparacağı bir karyera qurub. Xüsusilə, məqalə müəllifləri xatırladırlar ki, onun 1993-cü ildə çəkilmiş “Bu oğlanın həyatı” filmindəki rolu inanılmaz idi. 2025-ci ildə isə Di Kaprio Pol Tomas Andersonun “One Battle After Another” filmində rol aldı və bu film dünya üzrə tənqidçilər və tamaşaçılar tərəfindən rəğbət qazandı.
Həftənin MƏYUSU

“Prezident Zelenskinin ABŞ-nin sülh planı ilə bağlı təklifini hələ də oxumamasından bir qədər məyusam”. Bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların növbəti addımı barədə sualı cavablandırarkən bildirib. Dövlət başçısı ABŞ nümayəndələrinin həm Rusiya Prezidenti Vladimir Putin, həm də Volodimir Zelenski ilə əlaqə saxladıqlarını, lakin Ukrayna liderinin hələ də təklif olunan sülh planı ilə tanış olmadığını söyləyib:
Həftənin QƏLƏBƏSİ

“Sabah” basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb. Bakıda Çexiyanın “Nimburk” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib. Bu, “bayquşlar”ın Çempionlar Liqasındakı ilk qələbəsi olub. Qeyd edək ki, “Sabah” B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür.
Həftənin BƏYİ

İdman avtomobili istehsalçısı “Porsche” şirkətinin Müşahidə Şurasının rəhbəri Volfqanq Porşe Avstriyada dördüncü dəfə evlənib. 82 yaşlı Porşenin həyat yoldaşı Qabriele zu Leiningen ondan 20 yaş kiçikdir. Onların Avstriyanın Zalsburq şəhərində keçirilən toy mərasimlərinin çox sadə olduğu bildirilir. Bu, Porşenin dördüncü, Qabriele zu Leiningenin isə üçüncü evliliyidir.
Həftənin YARIŞI

ABŞ-də Vaşinqton yaxınlığındakı Ronald Reyqan Vaşinqton Beynəlxalq Aeroportunda yeni investisiya planının təqdimatı olub. Sözügedən tədbirdə maraqlı anlar yaşanıb. Belə ki, tədbirdə səhiyyə və insan xidmətləri naziri Robert F. Kennedi-kiçik və nəqliyyat naziri Şon Daffi “Kim daha çox dartınar?” deyə zarafatla yarışa başlayıblar. 71 yaşlı Kennedi-kiçik 20 dəfə dartınıb. Ondan 17 yaş gənc Daffi isə sadəcə 10 dəfə dartına bilib.
Həftənin CƏHƏNNƏMİ

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsdə keçirdiyi 21 gündən bəhs edən “Məhbusun gündəliyi” adlı kitabında digər məhkumlardan və həbsxanadakı şəraitdən şikayətlənib. Bu barədə dekabrın 10-da satışa çıxacaq kitabın məzmunu ilə tanış olan “Politico” nəşri məlumat yayıb. “Məhbus fasiləsiz olaraq kamerasının barmaqlılarını metal əşya ilə döyəcləyirdi. Bu gurultu bir neçə dəqiqə davam etsə də, mənə sonsuz kimi göründü. Təhdidedici bir atmosfer var idi. Cəhənnəmə xoş gəldiniz!”, - o yazıb.