Azərbaycan ədəbiyyatında yeni bir dövr başlayır. Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib ki, 2026-cı ildə Azərbaycan Kitab Mükafatı elan olunacaq. Bu təşəbbüs yalnız ədəbiyyatın deyil, bütövlükdə milli mədəniyyətin inkişafına stimul verəcək əhəmiyyətli addım hesab olunur.
Mükafat Prezident Fərmanı ilə təsdiqlənəcək və onun laureatı yalnız bir nəfər olacaq. Qalib 50 min manat pul mükafatı, diplom və döş nişanı ilə təltif ediləcək. Bundan əlavə, qalib kitab 3000 tirajla çap olunacaq, iki ölkədə yayımlanacaq və dörd dilə tərcümə ediləcək. Ən vacib məqam isə odur ki, kitabın satışından gələn bütün gəlir müəllifə ödəniləcək. Bu, həm də yazarlara ədəbiyyata sərmayə qoymaq üçün konkret imkan yaradacaq.
Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Hər nəşriyyat müsabiqəyə iki əsər təqdim edə bilər, hər ədəbi orqan isə tam çap etdiyi bir əsəri təqdim etmə imkanına malikdir.
Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələdə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək və elə həmin ay mükafatın laureatı elan olunacaq. Qısa siyahıya düşən digər dörd müəllif isə hər biri 2000 manatla mükafatlandırılacaq.
Azərbaycan Kitab Mükafatının final mərhələsi şou formatında keçiriləcək və canlı yayımlanacaq. Səsvermə və nəticə ekran vasitəsilə izləyicilərə təqdim ediləcək. Mərasimdə dünya şöhrətli yazarların iştirakı planlaşdırılır ki, bu da Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanınmasına əlavə stimul verəcək.
Yeni mükafatın təsis olunması ilə Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyası əvəz olunacaq. Bu addım ədəbiyyat sahəsində təşviqi artırmaqla yanaşı, yazarlara müasir, rəqabətə dayanıqlı platforma təqdim edəcək.
Lakin sual yaranır: Azərbaycan mədəniyyətinin digər sahələrində vəziyyət necədir? Eyni diqqəti ala bilirlərmi?
Ekspertlər bildirir ki, ədəbiyyat sahəsində atılan bu addımın uğuru digər sahələr üçün də model rolunu oynaya bilər. Məsələn, musiqi sahəsində gənc bəstəkar və ifaçılar üçün stimullaşdırıcı fondların yaradılması, teatrda yeni tamaşaların maliyyələşdirilməsi, kinoda yerli layihələrin dəstəklənməsi, vizual incəsənətdə isə sərgilər və mükafatların artırılması milli mədəniyyətin zənginləşdirilməsi baxımından vacibdir.

Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bu mükafatın təsis edilməsini müsbət qiymətləndirib. O bildirib ki, bu cür təşəbbüslər yaradıcı insanlar üçün əlavə stimul rolunu oynayır. Onun sözlərinə görə, mükafatların olması yaradıcı şəxslərə öz istedadlarını reallaşdırmaq üçün konkret motivasiya verir.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə əlavə edib ki, ölkədə indiyədək verilən mükafatların çoxunda subyektiv amillər mühüm rol oynayıb. “İstər Mədəniyyət Nazirliyi, istər digər qurumların ayırdığı mükafatlarda subyektiv təsirlər qaçılmazdır. Ona görə təklif edirəm ki, həm Kitab Mükafatı, həm də milli səviyyədə təsis edilən digər mükafatların komissiyasına və ekspertlərinə mütləq xarici mütəxəssislər dəvət olunmalıdır. Onlar mədəniyyət, təhsil və elm hadisələri ilə bağlı obyektiv rəylər verə bilərlər,” – deyə Əbilov vurğulayıb.

O, deyib ki, Azərbaycanda onsuz da çoxsaylı mükafatlar var, lakin onların şəffaflıq baxımından problemləri mövcuddur. “Bu problemi yalnız xarici mütəxəssislərin dəvət olunması və ya yerli ekspertlərə qonorarlı vəzifələrin tapşırılması ilə həll etmək olar. Dünyanın bir çox keçid dövrünü yaşayan ölkələrində bu praktikadan istifadə edilir və nəticəsi xeyirli olur. İstənilən halda mükafatların təsis olunması çox müsbət haldır. Çünki bu, insanları motivasiya edir, onları yaradıcılıq baxımından həvəsləndirir. Xüsusən gənc və orta nəsil bu təşəbbüslər sayəsində yaradıcılıq və intellektual yeniliklər vasitəsilə Azərbaycan cəmiyyətini maraqlandırmaq imkanı əldə edir,” – deyə ekspert qeyd edib.
Ekspertlər həmçinin qeyd edirlər ki, mədəniyyətin digər sahələrində də müstəqil mükafat fondlarının yaradılması zəruridir. Belə fond həm Azərbaycan daxilində, həm dünya azərbaycanlıları üçün, həm də xarici mütəxəssislər üçün mükafatlar təsis etməli və bu təşəbbüslər hər il davamlı şəkildə həyata keçirilməlidir. Bu, mədəniyyətin müxtəlif sahələrində davamlı inkişafı təmin edəcək, yaradıcı insanlara həm yerli, həm də beynəlxalq səviyyədə tanınma imkanı verəcək.
Beləliklə, ekspertlərin fikrincə, Azərbaycan Kitab Mükafatı yalnız ədəbiyyat sahəsi üçün deyil, milli mədəniyyətin bütün sahələri üçün stimul rolunu oynayacaq və şəffaf, beynəlxalq standartlara uyğun mükafat mexanizmlərinin tətbiqi mədəniyyətin inkişafına əlavə töhfə verəcək.