ABŞ prezidenti Donald Tramp ən azı 1 milyon dollar ödəyə bilən əcnəbilərə viza və vətəndaşlığa sürətli keçid imkanı verən yeni “Qızıl Kart” proqramına start verib. Tramp sosial mediada açıqlamasında kartın “ixtisaslı və təhlükəsizlik baxımından yoxlanılmış şəxslər üçün birbaşa vətəndaşlığa yol açdığını” bildirib və bunun ABŞ şirkətlərinə “əhəmiyyətli istedadları qorumaq imkanı verəcəyini” vurğulayıb.
Rəsmi məlumatda qeyd olunur ki, ilin əvvəlində elan edilən Trump Qızıl Kartı ABŞ-a “əhəmiyyətli fayda” verə biləcəyini sübut edən şəxslərə təqdim olunacaq. Proqram Vaşinqtonun immiqrasiya nəzarətini sərtləşdirdiyi bir dövrdə tətbiq edilir. ABŞ administrasiyası artıq iş vizalarının rüsumlarını artırıb və sənədsiz miqrantların deportasiyasını sürətləndirib.
Qızıl Kart proqramı ərizəçilərə rekord müddətdə rezidentlik imkanı vəd edir. Saytın məlumatına görə, 1 milyon dollarlıq ödəniş namizədin ölkəyə əhəmiyyətli töhfə verəcəyinə dair əsas göstərici sayılır.
Şirkətlərin öz əməkdaşları üçün bu proqramdan yararlanması isə 2 milyon dollar ödəniş tələb edir. Həmçinin vergi və digər üstünlüklər təklif edən “platin” versiyanın yaxın vaxtlarda 5 milyon dollara satışa çıxarılacağı açıqlanıb.
Ərizəçilər əlavə olaraq 15 min dollarlıq geri qaytarılmayan əməliyyat haqqı ödəməli olacaqlar. Bəzi hallarda əlavə dövlət rüsumları da tətbiq oluna bilər.
Fevral ayında elan edilən proqram xüsusilə Demokratlar tərəfindən tənqid olunur. Tənqidçilər hesab edir ki, Qızıl Kart varlılara haqsız üstünlük verir. Tramp isə proqramı yaşıl kartla müqayisə edir və onun “yalnız yüksək səviyyəli mütəxəssislər” üçün nəzərdə tutulduğunu bildirir.
Prezident iddia edir ki, 5 milyon dollar ödəyə bilən şəxslər ABŞ-da iş yerləri yaradacaq və proqram “çox sürətlə satılacaq”.
Tramp administrasiyası ümumi miqrasiya siyasətini sərtləşdirib. ABŞ prezidentin səyahət qadağası altında olan Afrika və Yaxın Şərqin 19 ölkəsinin vətəndaşlarının immiqrasiya müraciətlərini dayandırıb.
Hökumət həmçinin sığınacaq müraciətlərinin qiymətləndirilməsini tamamilə dayandırıb və daha əvvəl təsdiqlənmiş minlərlə işin yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.
Sentyabrda Tramp ixtisaslı xarici işçilər üçün H-1B vizasına 100 min dollarlıq yeni rüsum tətbiq ediləcəyini bəyan etmişdi. Bu qərar ABŞ-da təhsil alan xarici tələbələr və texnologiya şirkətləri arasında narahatlıq yaradıb. Sonradan Ağ Ev rüsumun yalnız ABŞ xaricindən verilən yeni müraciətlərə şamil olunacağını dəqiqləşdirib.