Siyəzən rayonundan olan Vətən müharibəsi şəhidi Ramiz Atakişiyevin anası stasionar müalicəsini uğurla başa vuraraq sağlamlığına qovuşub.
Şəhid anasının Yeni Klinikada ambulator müraciətindən sonra həkim-revmatoloq Aysel Ağalarova tərəfindən müayinəsi aparılıb və dəqiq diaqnoz əsasında stasionar müalicə başlanılıb.
Müalicə prosesində səhhətində əlavə dəyişikliklər müşahidə edildiyi üçün qastroenteroloq Elvin Əliyevin konsultasiyası təmin olunub. Aparılan instrumental müayinələr nəticəsində xəstəyə koledokolitiaz diaqnozu qoyularaq uğurlu ERCP proseduru icra edilib.
Həkimlərimizin peşəkarlığı, koordinasiyalı işi və səmimi yanaşması nəticəsində pasiyentin vəziyyətində nəzərəçarpacaq yaxşılaşma əldə olunub. Şəhid anası müalicəni uğurla tamamlayaraq ambulator nəzarət altında evə buraxılıb.
Qeyd edim ki, şəhid Ramiz Atakişiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.


