İqtisadiyyat Nazirliyi Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq üçün dövlətin göstərdiyi dəstək və güzəştlər barədə məlumat açıqlayıb.
İşğaldan azad edilmiş ərazinin rezidentinə təklif olunan vergi və gömrük güzəştləri
1 yanvar 2033-cü ilədək:
- mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilər: 0%;
- Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalların idxalına görə ƏDV və gömrük rüsumları: 0%;
- dividend gəlirlərinə görə vergi: 0%.
Fiziki şəxslərin mehmanxana və hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödədiyi ƏDV:
Nağdsız ödənişdə: 30% geri qaytarılır;
Nağd ödənişdə: 5% geri qaytarılır.
Kreditlərə dövlət zəmanəti
Sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir
Kreditə dövlət zəmanəti üçün əsas tələblər:
- 5 mln. manatadək kredit;
- 15%-dək illik faiz dərəcəsi;
- 7 ilədək kredit müddəti;
Kredit faizlərinə subsidiya
- Zəmanət verilən kreditlərin illik faiz dərəcəsinin 10%-bəndi 36 aydan çox olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
- Kreditin müddətinin yarısından çox olmamaqla, 36 ayadək müddətdə güzəşt müddəti tətbiq edilir. Bu müddətdə əsas borc üzrə ödəniş tələb olunmur, yalnız faizlər ödənilir.
Müraciət üçün: www.e-gov.az
Məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması
Muzdlu işçilər üçün sığortaedən (sahibkar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsi tərəfindən aşağıdakı qaydada subsidiyalaşdırılır:
- 1yanvar 2026-cı ilədək: 100%;
- 1yanvar 2026 – 1 yanvar 2029: 80%;
- 1yanvar 2029 – 1 yanvar 2031: 60%;
- 1yanvar 2031 – 1 yanvar 2033: 40%.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 100% subsidiyalaşdırılır.
Muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100% subsidiyalaşdırılır.
Kommunal xidmətlər üzrə güzəştlər
İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların 1 yanvar 2033-cü ilədək hər ay istehlak olunan kommunal xidmətlər üzrə ödənişlərinin 20%-i dövlət tərəfindən qarşılanır.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə dəstək:
- 5 il müddətində hər il 5 gün əlavə ödənişli məzuniyyət və tarif maaşına 1,2 əmsalın tətbiqi;
- 600 manat birdəfəlik müavinət.
Əcnəbi mütəxəssislər üçün güzəştlər:
- 5 il müddətində əmək miqrasiyası kvotası tətbiq edilmir;
- 5 il müddətində iş icazələri ilə bağlı müraciətə baxılma müddəti 5 günədək azaldılıb;
- 5 il müddətində işləyənlərin iş icazəsi əlavə 2 ilədək uzadılır;
- 5 il müddətində işləyənlərin iş icazəsi üçün dövlət rüsumuna güzəştlər edilir.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında təklif olunan güzəşt və azadolmalar.
Sənaye parklarının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə:
- Əmlak, torpaq və mənfəət vergilərindən azaddır;
- İdxal olunan texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumu ödəmir.
Sənaye parklarında dövlət vəsaiti hesabına “Plug&Play” infrastrukturu
- yarımstansiya, transformatorlar, paylanma məntəqələri;
- təbii qaz təchizatı xətti;
- elektrik verilişi xətti;
- avtomobil və dəmir yolları;
- fiberoptik kabel xətti;
- içməli, texniki, yağış, yanğına qarşı su təchizatı şəbəkələri
- kanalizasiya xətləri.