AZ

"Avropa-ABŞ münasibətlərində böhran dərinləşir: Ukrayna üzrə danışıqlar kritik mərhələdə" - "The New York Times"

 
"Avropa liderləri həm Ukraynanı, həm də öz təhlükəsizliklərini necə qoruyacaqlarını müəyyənləşdirə bilmir…"
 
Avropa ölkələri Ukraynaya siyasi dəstəyini bəyan etsə də, müharibəni ABŞ-sız dayandırmaq üçün real strategiya hələ də yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
ABŞ-ın qeyri-müəyyənliyi Avropanı çətin vəziyyətdə qoyur
 
Nəşr yazır ki, Vaşinqtonun mövqeyi zəiflədikcə Avropa daha böyük çıxılmazlıqla üzləşir.
 
Rəsmilər bildirir ki, ABŞ olmadan nə təhlükəsizlik zəmanətləri, nə də Rusiyaya iqtisadi təzyiq yetərlidir. Donald Tramp isə həm Ukraynaya təminat verməkdən yayınır, həm də Avropadakı Amerika qoşunlarını mərhələli şəkildə geri çəkir. Avropa İttifaqının isə peyk kəşfiyyatı, HHM, uzaqmənzilli raketlər və idarəetmə sahəsində ABŞ-ı əvəzləyəcək gücü yoxdur.
 
Vaşinqtonun gizli iqtisadi planı narazılıq doğurur
Son həftələrdə ABŞ Avropaya Ukraynanın bərpası və Rusiyanın yenidən qlobal iqtisadiyyata qaytarılması ilə bağlı gizli sənədlər göndərib. Plan 200 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərindən Amerika şirkətlərinin istifadə etməsini, hətta Zaporojye AES-in enerjisi ilə işləyəcək nəhəng data-mərkəzin tikintisini nəzərdə tutur. Avropa rəsmiləri bunun Moskvanın hərbi gücünü bərpa edə biləcəyini düşünərək etiraz edirlər. Avropanın öz planı həmin aktivləri Ukraynanın silahlanmasına və büdcəsinə yönəltməkdir.
 
Danimarkadan ABŞ ilk dəfə "təhlükə" adlandırıldı
Britaniya, Fransa və Almaniya liderlərinin Tramp ilə gərgin danışığından sonra onlar münasibətləri "kritik mərhələ" kimi qiymətləndirib. Tramp isə Zelenski ilə əlavə görüşə tələsmir. Eyni zamanda Danimarkanın hərbi kəşfiyyatı ABŞ-ı ilk dəfə potensial təhlükə kimi göstərib. Hesabatda qeyd olunur ki, Tramp administrasiyası tarif təhdidləri və hərbi güc ehtimalı ilə Avropaya təzyiq artırır.
 
Bu isə Kremlin hibrid hücumları üçün fürsət yarada bilər. Avropalı rəsmilər həmçinin Vaşinqtonun yeni milli təhlükəsizlik strategiyasını xəbərdarlıq etmədən açıqlamasını "soyuq duş" kimi qiymətləndirib - sənəddə ABŞ-ın məqsədinin Ukrayna müharibəsini bitirib Rusiyayla iqtisadi münasibətləri normallaşdırmaq olduğu bildirilir.
Seçilən
10
1
moderator.az

2Mənbələr