AZ

Putin daha bir ölkəni dağıdıcı müharibəyə sürükləyir? Generalın anonsu təşviş yaratdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son günlər Rusiya-Ukrayna müharibəsi fonunda böyük müharibənin başlayacağı haqda siqnallar verilir. İddia edilir ki, artıq Avropa da Rusiya ilə müharibəyə hazırlaşır və belə ssenari Belarusdan da yan keçməyəcək. Sözügedən iddialarla bağlı danışan Belarus Baş Qərargah rəisi general Pavel Muraveyko da bildirib ki, ölkə ətrafındakı hazırkı vəziyyət 1941-ci ilin iyunundan, yəni Böyük Vətən müharibəsinin başlanmasından əvvəlki dövrdən daha mürəkkəbdir.

Rusiya Prezidenti Vladimir Putin Belarusu müharibəyə sürükləyir? Həqiqətən vəziyyət bu qədər ciddi və təhlükəlidir? Avropa ölkələri ilə müharibə başlaya bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki Muraveykonun fikirləri Minskin hazırkı geosiyasi gərginliyi şişirdilmiş formada təqdim etməyə meylli olduğunu göstərir:

“Lakin onun müqayisəsi, “1941-ci ildən daha çətin dövr idi” kimi fikirləri siyasi mesaj xarakteri daşıyır. Qeyd edim ki, bölgədə risklər realdır, amma Belarus üzərindən Avropa ilə genişmiqyaslı müharibə ehtimalı hal-hazırda çox aşağıdır.

Bəs elədirsə Minskin ritorikası niyə sərtləşib?

Bunun bir neçə səbəbi var. Belə ki, Belarus 2020-ci ildən sonra siyasi, iqtisadi və hərbi baxımdan Rusiyadan tam asılı hala gəlib. Putin Lukaşenkodan maksimum loyal davranış tələb edir. Kremlin təzyiqi ilə Moskva Belarus ərazisini həm logistik mərkəz, həm də Qərbə təzyiq aləti kimi istifadə edir. Belarus rəhbərliyi də “təhlükə var” ritorikasını artıraraq Rusiyaya sədaqətini nümayiş etdirir.

1941 analoqunu isə daxili auditoriyaya mesaj kimi dəyərləndirmək lazımdır. Yəni belə bir müqayisə, əslində, Belarus cəmiyyətində “milli təhlükə” hissi yaratmaq, Qərbi “təhdidkar düşmən” kimi göstərmək, Belarus ordusunu və səfərbərlik tədbirlərini legitimləşdirmək üçün edilir”.

Politoloqun fikrincə, ümumiyyətlə, Belarusun müharibəyə qoşulması Lukaşenkonun marağında deyil:

“Çünki Belarus cəmiyyəti Ukrayna müharibəsinə qarşıdır. Ordunun döyüş qabiliyyəti zəifdir. Belarus iqtisadiyyatı Rusiyadan fərqli olaraq sanksiyalara daha dözümsüzdür. Ona görə də Lukaşenko bilir ki, birbaşa iştirak rejimin stabil qalmasını riskə ata bilər. Hətta Putin təzyiq etsə belə, Belarus ordusu hələlik Ukraynaya və ya NATO sərhədinə göndərilmir. Doğrudur, bu günə qədər Belarus öz ərazisini Rusiyanın istifadəsinə verir, hərbi poliqonları açır, aviasiya və raket infrastrukturunu bölüşür, amma özü döyüşə girmir. Dolayısı ilə bu, Minskin müharibəyə girməmək üçün davamlı manevr etdiyinin göstəricisidir. Əslində, Rusiya üçün də geniş Avropa müharibəsi ssenarisi sərfəli deyil.

Rusiya hazırda Ukrayna cəbhəsində resurs çatışmazlığından əziyyət çəkir. İkinci cəbhə açmaq Moskvanın özünü də təhlükəyə atar. Ümumilikdə Belarus ətrafındakı vəziyyət gərgindir, amma 1941 analoqu reallığa uyğun deyil. Minskin bu ritorikası həm Rusiyaya loyal görünmək, həm də Qərbi qorxutmaq məqsədi daşıyır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr