Beynəlxalq Enerji Agentliyinin (MƏA) aylıq hesabatına görə, 2025-ci ilin noyabrında Rusiyanın neft ixracından əldə etdiyi gəlir demək olar ki, 2 milyard dollar azalıb. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” yayıb.
Hesabata əsasən, noyabr ayında Rusiya neft satışından 10,97 milyard dollar qazanıb. Bu göstərici oktyabr ayı ilə müqayisədə 1,92 milyard dollar, ötən ilin analoji dövründən isə 3,59 milyard dollar azdır.
MƏA bildirir ki, noyabrda neft və neft məhsullarının ixracı sutkada 420 min barel azalaraq 6,86 milyon barelə düşüb. Səbəb kimi Rusiyanın enerji sektoruna qarşı son sanksiyaların sərtləşdirilməsi göstərilir. Bu məhdudiyyətlərdən sonra alıcılar riskləri daha ehtiyatla qiymətləndirməyə başlayıblar.
Sanksiyaların güclənməsi fonunda Rusiyanın əsas ixrac markası olan Urals neftinin qiyməti 8,2 dollar ucuzlaşaraq 43,52 dollara, Şərqi Sibir neft markası ESPO isə 5,49 dollar enərək 53,92 dollara düşüb.
Neft və neft məhsullarının ümumi ixrac həcmi də azalıb — son payız ayında bu göstərici 290 min barel azalaraq sutkada 4,71 milyon barel təşkil edib.
Argus agentliyinin məlumatına görə, ABŞ-ın ən iri rus neft ixracatçılarına qarşı sanksiyalarından sonra Rusiya neftinə tətbiq olunan endirimlər rekord həddə çatıb. Dekabrın 7-də başa çatan həftədə Urals nefti Brent markasından 25,8 dollar ucuz satılıb.