AZ

FED faiz endirdi

FED faiz endirdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi azaldaraq 3,5–3,75 faiz intervalına endirib.

FED-in açıqlamasında bildirilib ki, ilin son iclasında qəbul edilən bu qərar 3 əleyhinə 9 səslə təsdiqlənib.

Açıqlamaya görə, FED idarə heyətinin üzvü Stiven Miran faiz dərəcəsinin 50 baza bəndi endirilməsinin, Çikaqo FED-in prezidenti Osten Qulsbi və Kanzas Siti FED-in prezidenti Ceffri Şmid isə uçot dərəcəsinin sabit saxlanılmasının tərəfdarı olduqları üçün qərara qarşı səs veriblər.

Mövcud göstəricilərin iqtisadi fəaliyyətin orta templə genişləndiyini göstərdiyi qeyd olunan açıqlamada bu il məşğulluq artımının zəiflədiyi və işsizlik səviyyəsinin sentyabradək bir qədər yüksəldiyi vurğulanıb.

Həmçinin bildirilib ki, son göstəricilər də bu tendensiya ilə uyğunluq təşkil edir, inflyasiya isə ilin əvvəlindən bəri yüksəlib və müəyyən qədər yüksək səviyyədə qalmağa davam edir.

Bankın məqsədlərini dəstəkləmək və risk balansındakı dəyişiklikləri nəzərə alaraq, federal fondlar üzrə hədəf faiz intervalının 25 baza bəndi azaldılaraq 3,5–3,75 faizə endirilməsinə qərar verildiyi açıqlanıb. Bildirilib ki, faiz dərəcəsində əlavə düzəlişlərin həcmi və vaxtı müəyyən edilərkən daxil olan məlumatlar, iqtisadi görünüş və risk balansı diqqətlə izlənəcək.

Qeyd edək ki, FED inflyasiyanın azalması fonunda ötən ilin sentyabrında 4 ildən sonra ilk dəfə faiz endiriminə gedərək uçot dərəcəsini 50 baza bəndi aşağı salmışdı.

Ötən ilin noyabr və dekabr aylarında da uçot dərəcəsini 25 baza bəndi endirən Fed yanvar ayında ardıcıl üç iclasda etdiyi faiz endirimlərinə fasilə vermişdi.

Mart, may, iyun və iyul iclaslarında isə FED uçot dərəcəsinə toxunmamışdı.

Bu ilin sentyabrında ilin ilk faiz endirimini edən Fed uçot dərəcəsini 25 baza bəndi azaltmış, oktyabr ayında da eyni həcmdə endirim etmişdi.

Beləliklə, FED son qərarı ilə bu il üçüncü dəfə faiz endirmiş olub.

FED həmçinin lazım gəldikdə xəzinə istiqrazları alacağını açıqlayıb.

Bank iqtisadi proqnozlarını da açıqlayıb. Federal fondlar üzrə faiz proqnozu bu il üçün sentyabr ayında nəzərdə tutulan 3,6 faiz səviyyəsində saxlanılıb.

2026-cı il üçün proqnoz 3,4 faiz, 2027 və 2028-ci illər üçün isə 3,1 faiz olaraq dəyişməz qalıb. Uzunmüddətli orta faiz gözləntisi isə 3 faiz səviyyəsindədir.

Bu proqnozlar FED-in 2026-cı ildə bir faiz endirimi nəzərdə tutduğunu göstərir.

Bankın inflyasiya proqnozları isə bu il üçün 3 faizdən 2,9 faizə, 2026-cı il üçün 2,6 faizdən 2,4 faizə endirilib, 2027-ci il üçün 2,1 faiz və 2028-ci il üçün 2 faiz olaraq dəyişməz saxlanılıb.

Enerji və qida qiymətlərini nəzərə almayan baza inflyasiyası proqnozu da bu il üçün 3,1 faizdən 3 faizə, 2026-cı il üçün 2,6 faizdən 2,5 faizə endirilib, 2027-ci il üçün 2,1 faiz və 2028-ci il üçün 2 faiz olaraq qorunub.

ABŞ iqtisadiyyatının artım proqnozu bu il üçün 1,6 faizdən 1,7 faizə, gələn il üçün 1,8 faizdən 2,3 faizə, 2027-ci il üçün 1,9 faizdən 2 faizə, 2028-ci il üçün isə 1,8 faizdən 1,9 faizə yüksəldilib.

İşsizlik səviyyəsinə dair proqnozlar bu il üçün 4,5 faiz, gələn il üçün 4,4 faiz və 2028-ci il üçün 4,2 faiz olaraq saxlanılıb, 2027-ci il üçün isə 4,3 faizdən 4,2 faizə endirilib.

Seçilən
60
afn.az

1Mənbələr