ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”. Bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib. O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: "Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”.
Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.
İKT üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a bildirib ki, “MyLift” elektron platforması Azərbaycanda lift təhlükəsizliyi sahəsində böyük yenilikdir və vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərəcək. Onun sözlərinə görə, platforma vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin texniki vəziyyəti, sertifikat göstəriciləri və real vaxt rejimində aparılan yoxlamalar barədə məlumat əldə edə biləcək:

“Bu isə həm insanların təhlükəsizliyini təmin edir, həm də lift xidmətləri ilə bağlı şikayətlərin azalmasına şərait yaradır. “MyLift” həm də sənaye standartlarının təkmilləşdirilməsi və idarəetmənin şəffaflaşdırılması baxımından əhəmiyyətlidir. Platforma lift təchizatçıları və xidmət göstərən şirkətlərin fəaliyyətinə nəzarəti asanlaşdırır, mümkün texniki qüsurları vaxtında aşkarlamağa imkan verir və fövqəladə halların qarşısını almaqda önəmli rol oynayır: “Bundan əlavə, rəqəmsal platformanın tətbiqi ölkədə smart texnologiyaların inkişafına və sənaye təhlükəsizliyinin rəqəmsal nəzarət sistemləri vasitəsilə gücləndirilməsinə töhfə verir. “MyLift” platforması həm vətəndaş, həm də dövlət və sənaye qurumları üçün şəffaf, səmərəli və etibarlı bir mexanizm rolunu oynayacaq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.