AZ

Elektron ticarət artır, bəs fiziki satışlar azalırmı?

Bakı, 11 dekabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında ölkədə elektron pərakəndə ticarət dövriyyəsində nəzərəçarpan yüksəliş müşahidə olunub. Rəsmi statistikaya əsasən, elektron pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 73,9 faiz artaraq 193,5 milyon manat səviyyəsinə çatıb. Bu dinamika son illər ərzində rəqəmsal ticarət platformalarına olan tələbatın artdığını, istehlakçı davranışlarında isə onlayn alış-verişin payının böyüdüyünü göstərir. Bununla belə, ölkənin ümumi pərakəndə ticarət dövriyyəsində (52 milyard 615,7 milyon manat) elektron satışların xüsusi çəkisi nisbətən aşağıdır – ümumi dövriyyənin cəmi 0,37 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilərək həyata keçirilən satışların payına düşür. Mövcud mənzərə elektron ticarətdə sürətli faiz artımına baxmayaraq, onun nominal həcm üzrə ümumi bazarda hələ ki, məhdud yer tutduğunu ortaya qoyur. Məhz bu səbəbdən elektron ticarətin genişlənməsinin fiziki ticarətə təsiri barədə suallar aktuallaşır.

Mövzu ilə əlaqədar AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, hər bir ölkədə pərakəndə ticarət dövriyyəsi fiziki və elektron ticarətin cəminə bərabərdir, yəni elektron ticarət dövriyyəsi artdıqca fiziki ticarət dövriyyəsinin həcmində azalma ola bilər.

“Ancaq pərakəndə ticarət dövriyyəsində artım elə formada ola bilər ki, burada həm elektron, həm də fiziki ticarətin həcmi artsın. Bu ilin 10 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsində real ifadədə bilavasitə artım 193 milyon manatdır. Bu isə o qədər də böyük rəqəm deyil, yəni bu o deməkdir ki, fiziki ticarətin də həcmi artıb. Pərkandə ticarətin hər 100 manatından təxminən 60 manatı isə Bakı şəhərinin payına düşüb. Hazırki vəziyyətdə elektron ticarətin həcminin artması fiziki ticarətin həcminin azalması mənasına gəlmir. Çünki artım 74 faiz olsa da, real ifadədə bu, cəmi 193,5 milyon manat deməkdir. Ancaq pərakəndə ticarətin həcmi isə daha böyük rəqəmdə ifadə olunur”,- deyə ekspert bildirib.

Seçilən
23
azertag.az

1Mənbələr