Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib. O, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul etməyə çağırıb.
Bəs Paşinyanın bu təklifini nə ilə əlaqələndirmək olar? Belə bir təkliflə razılaşmaq olarmı?
Redaktor.az-a məsələ ilə bağlı danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, təklif ümumi şəkildə səsləndirilir:
"Təklif olunan və hələ də açıqlanmayan məsələlər var, hansı ki, Paşinyan istəyir ki, onlar öhdəliklər kimi hansısa sənədə daxil olsun. Burada yol xəritəsini nəzərdə tuturam. Ümumiyyətlə, Azərbaycan prinsip olaraq belə məsələlərə bərabər baxılmasının hər zaman tərəfdarı idi. Bu təklifdə ilk olaraq mən onu görürəm ki, mövzulara bərabər şəkildə baxılmalıdır. Azərbaycan bu prinsipi həmişə dəstəkləmişdi və indi də dəstəkləyir. Baxaq görək, bu təklifin arxasında nələr dayanır".
O vurğuladı ki, hər halda, bu təklifin irəli sürülməsi təsadüfi deyil.
"Çünki Avropa İttifaqı Ermənistanla əməkdaşlığın əsasları barəsində sənəd qəbul edib. Orada Qarabağda yaşamış ermənilərin problemləri barəsində fikirlər səslənib. Bu isə qəbuledilməzdir və Azərbaycan buna etirazını bildirib. Daha sonra yenidən Azərbaycan bu məsələni vurğulayıb, yəni gündəmə qaytarıb. İndi isə bu vəziyyətə cavab olaraq Nikol Paşinyanın belə bir təklifi ortaya çıxır. Gəlin diqqətlə izləyək, baxaq görək, bu məsələ nə şəkildə inkişaf edəcək", - deyə Tofiq Zülfüqarov yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI