Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli dilin qorunması ilə bağlı problemlərin yalnız hüquqi tənzimləmə ilə həll olunmadığını, bu məsələnin həm də sosial-mədəni baxımdan geniş yanaşma tələb etdiyini bildirib.
QHT.az-a açıqlamasında o, Azərbaycan dilinin gələcək inkişafının bütün ictimai institutların birgə səylərindən asılı olduğunu vurğulayıb:
"Problemdən qurtuluş yolu dövlətin, cəmiyyətin və ixtisaslaşmış qurumların bu mövzu üzrə eyni mövqedən çıxış etməsindədir. Dilçilik elmi inkişaf etdirilməli, lüğət bazası nizamlı şəkildə yenilənməlidir. Orfoqrafiya lüğətinin mobil tətbiqlərin, həmçinin, süni intellekt əsaslı yazı-korrektor proqramları hazırlanaraq təkmilləşdirilməlidir. Sosial şəbəkə istifadəçiləri üçün maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Məsələn, “dili qoru”, “Azərbaycan türkcəsini düzgün yaz” kimi təşviqat proqramları icra olunmalıdır. Gənclərin sosial mediada düzgün yazı vərdişlərinin formalaşdırılması üçün rəqabət formalaşdırılmalıdır."
Media eksperti dilin qorunmasında yalnız dövlət yox, ictimai birliklər, media təsisatları, təhsil müəssisələri və qeyri-rəsmi platformalar da aktiv iştirak etməlidir:
"Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritet istiqaməti olmaqla yanaşı, hər bir vətəndaşın mənəvi borcudur. Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı imzaladığı sənədlər, verdiyi tövsiyələr hüquqi çərçivəni gücləndirir, ictimai institutların məsuliyyətini artırır və dilin gələcək inkişafına yol açır. Bu siyasətin real nəticə verməsi üçün qanunlara əməl olunmalı, media və sosial şəbəkə mühitində dil mədəniyyəti yüksəldilməlidir"
Pərvanə Fərhadqızı