Bakı, 11 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Hazırda Azərbaycanda beynəlxalq standartlara əsaslanan 8 süni intellekt üzrə milli dövlət standartı hazırlanıb və təsdiq edilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi, 5 saylı Texniki Komitənin məsul katibi Qulam Abdullayev bildirib.
O vurğulayıb ki, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda da süni intellekt üzrə milli standartların hazırlanması prosesi sürətlə davam edir:
“İlk standart 2023-cü ildə qəbul olunub. Növbəti illərdə də ölkə üçün aktual olan sahələr üzrə yeni süni intellekt standartlarının hazırlanması və tətbiqi planlaşdırılır”.
Qulam Abdullayev qeyd edib ki, komitə informasiya, kommunikasiya və texnologiyalar sahəsində beynəlxalq standartlaşma qurumları ilə mütəmadi əməkdaşlıq edir.
Onun sözlərinə görə, süni intellekt üzrə beynəlxalq standartlaşma təşkilatı tərəfindən indiyədək 41 standart təsdiqlənib, 47 standart isə hazırlanma mərhələsindədir.