Buxarest, 11 dekabr, AZƏRTAC
Avropada aparılan son araşdırmalar təsdiqləyir ki, Rumıniya öz evində yaşayan əhalinin payına görə bütün Avropa İttifaqı (Aİ) ölkələrini qabaqlayır. Ölkə əhalisinin 94 faizdən çoxu yaşadığı mənzilin və ya evin sahibidir ki, bu da Avropa İttifaqındakı ən yüksək göstəricidir.
Müqayisə üçün, Aİ üzrə orta göstərici təxminən 68 faizdir, yəni Rumıniya orta göstəricini xeyli üstələyir. Slovakiya, Macarıstan və Xorvatiya kimi ölkələr yüksək faizlərlə Rumıniyanı izləsələr də, heç biri onun səviyyəsinə çata bilmir.
Mütəxəssislər Rumıniyanın bu nəticəsini bir neçə faktorla izah edirlər. Belə ki, postkommunist dövrdə mənzillərin geniş özəlləşdirilməsi dövlət mənzillərinin vətəndaşlara əlçatan qiymətlərlə satılması ilə müşayiət olunub, Rumıniya cəmiyyətində evə sahib olmağın güclü sosial ənənəyə çevrilməsi və kirayə bazarının zəif inkişafı da vətəndaşları mülkiyyətə üstünlük verməyə sövq edir.
Analitiklər hesab edirlər ki, əhalinin böyük qismi üçün mənzil sahibliyi sosial dayanıqlığın artmasına, ailələrin uzunmüddətli rifahının möhkəmlənməsinə və iqtisadi təhlükəsizlik hissinin yüksəlməsinə səbəb olur.
Beləliklə, Rumıniya Avropada mənzilə sahiblik göstəricisinə görə lider mövqeyini qoruyaraq, sosial və iqtisadi model kimi diqqət çəkməkdə davam edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest