Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli QHT.az-a açıqlamasında Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlətin son illərdə mühüm addımlar atdığını bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar xüsusilə önəmlidir:
"2013-cü ildə Prezidentin imzası ilə qüvvəyə minmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilimizin qorunması və inkişaf etdirilməsi yönündə yol xəritəsi rolunu oynayır. Yaxud, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə dəyişiklik edilərək, media platformalarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarına görə cərimələrin müəyyən edilməsi dil normalarının qorunmasını təşviq edir".
O təəssüflə bildirib ki, qanunların təkmilləşdirilməsinə, məsuliyyətin müəyyənləşdirilməsinə baxmayaraq, dilimizin praktiki işlənməsi və pozuntuların qarşısının alınması ilə bağlı çoxsaylı problemlər mövcudur, nəzarət mexanizmi zəifdir:
"Media və reklam sektorunda dil pozuntularının monitorinqi çox vaxt epizodik xarakter daşıyır. Bu boşluqdan istifadə edərək, bəzi media redaksiyalarında leksik, qrammatik və üslubi redaktə prosesi peşəkar səviyyədə aparılmır. Reklam məhsullarında xarici dildə olan cəlbedici yazılara üstünlük verildiyi üçün dil normaları arxa plana keçir. Sosial şəbəkə seqmenti isə ümumiyyətlə problemlidir. Sosial mediada qısa yazı tərzinin yayılması, ingiliscə və rusca qarışıq ifadələrdən istifadə olunması dilin təmizliyinə zərbə vurur. Bu seqmentdə problemi dərinləşdirən hal odur ki, sosial media azad mühit olduğu üçün rəsmi nəzarət mümkün deyil. Bu kontekstdə yanaşsaq, dillə bağlı problem hüquqi müstəvidə deyil, sosial-mədəni aspektlərdə mövcuddur".
Ardı var...
Pərvanə Fərhadqızı