AZ

İşçi yalnız bu halda ezamiyyətə getməyə məcbur edilə bilməz - YENİ QAYDA

Azərbaycanda işçilərin ezamiyyətə getməsi məcburi olacaq. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:

- dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

- Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.

Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.


Bəs bu yenilik bütün işçilərə şamil olunacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, əslində bu dəyişiklik Əmək Məcəlləsində var:

“İşəgötürən işçini ezamiyyətə göndərə bilər. Amma müəyyən kateqoriya işçilər var ki, onlar müəyyən imtiyaza sahib olduqları üçün getməyə bilərlər. Yeni dəyişikliyə əsasən Əmək Məcəlləsinə ailə qayğısı olan işçilər kateqoriyası, anlayışı gətirilir.

Əgər işçinin ailə qayğısı varsa və bununla bağlı müvafiq sənəd təqdim edibsə- məsələn, evdə əlilliyi olan uşaq var, ona baxan yoxdur və yaxud digər əsaslı səbəb göstərilsə, o zaman işəgötürən işçini ezamiyyətə getməyə məcbur edə bilməz.

Digər hallarda isə işçinin ezamiyyətə getməsi bir öhdəlikdir. Əgər onun ezamiyyə xərcləri, o cümlədən maaşı ödənilirsə, işçinin ezamiyyətə getmək kimi bir lüksü yoxdur. Çünki ezamiyyətdə olmaq əmək fəaliyyətini daha səmərəli icra etmək deməkdir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
17
2
bizim.media

3Mənbələr