Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri hormondan asılı döş xərçənginin erkən mərhələlərində təkrarlanma riskini əhəmiyyətli dərəcədə azalda bilən yeni dərman- giredestrant hazırlayıblar.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri San Antonio Döş Xərçəngi Simpoziumunda (SABCS) təqdim edilib.
Mütəxəssislərin sözlərinə görə, söhbət böyümə üçün qadın hormonu estrogenindən istifadə edən və buna görə də müalicədən sonra tez-tez təkrarlanan HR-müsbət, HER2-mənfi döş xərçəngi növündən gedir. Dörd mindən çox xəstənin iştirak etdiyi tədqiqatda giredestrant şişin təkrarlanma ehtimalını təxminən üçdə bir azaltdığı və xəstəliyin digər orqanlara metastaz verməsi riskini aşağı saldığı müəyyən edilib.
Tədqiqat iştirakçıları müalicənin başlanmasından simptomların aradan qalxmasına qədər təxminən üç il müddətində izlənib. Giredestrantın standart hormonal müalicələrlə müqayisədə daha az yan təsir yaratdığı, buna görə də terapiyanın dayandırılması ehtimalının aşağı olduğu bildirilib.
Yeni dərman yalnız estrogen reseptorlarını bloklamır, həm də onları tamamilə məhv edərək xərçəng hüceyrələrini əsas böyümə mexanizmindən məhrum edir. Alimlər hesab edirlər ki, əldə edilən nəticələr təsdiqini taparsa, giredestrant hormon terapiyasında son onilliklərin ən mühüm yeniliyi ola bilər.
//Gülnarə Abasova, Editor.az