ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Əslində bu qeydləri məhz dünən – 10 Dekabrda qələmə almaq istəyirdim.
Ancaq günün sonuna kimi müşahidə etdim, görək, özünün ana qanununda “demokratik”, “hüquqi” dövlət quruculuğunu prioritet tutan, Avropa Şurasının üzvü olan, Avropa İttifaqı ilə uzun bir yol gələn, iqtisadi inkişad üçün azad bazar iqtisadiyyatı yolunu tutan Azərbaycanda 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü necə qeyd olunacaq.
Rastıma yalnız Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun bir qeydi çıxdı.
Zahid Oruc yazır ki, Azərbaycan üçün isə insan hüquqlarının ən böyük təntənəsi torpaqlarımızın işğaldan azad olunması və Böyük Qayıdış prosesinin başlanmasıdır.
Təbii ki, bu bir həqiqətdir, tariximizin şanlı səhifəsidir.
Amma cəmiyyət yaşamalıdır, inkişaf etməlidir.
Suveren Azərbaycanın qarşısında növbəti prioriteti demokratikləşmə olmalıdır.
Etiraf edək ki, ölkəmizin məhkəmə-hüquq sistemində ciddi problemlər var.
İnsan hüquqları ilə bağlı bir xeyli məsələlər var ki, onların həlli Azərbaycan üçün vacibdir.
Ola bilsin ki, dəyişən geosiyasi şərait səbəbindən hökumət bu sahəyə önəm vermir.
Amma biz güclü Azərbaycan qurmaq istəyiriksə, inkişaf etmək istəyiriksə, bu problemləri həll etməliyik.
Dəfələrlə vurğulanıb ki, neft dönəmi bitir.
Azərbaycana sərmayə lazımdır. Sərmayə üçün də azad məhkəmə -hüquq sistemi vacib şərtdir.
Azərbaycana sərmayə qoymaq istəyən xarici investorlar isə çağırışlarını hər zaman qulaqardına vurduğumuz beynəlxalq insan haqları təşkilatlarının hesabatına baxır.
Təəssüf ki, bu hesabatlarda Azərbaycan ciddi tənqid hədəfindədir.
Kifayət qədər mütərəqqi qanunvericilik bazamız var.
Bunun üçün zamana da ehtiyac yoxdur.
Avropa Şurasına daxil olandan sonra ciddi nailiyyətlər əldə etmişik. Bu prosesə yenidən qayıdılmalıdır.
Həbsdə olan bütün ictimai-siyasi fəalları, jurnalistləri azad etməklə dövlətimiz güclü olduğunu bir daha ifadə etmiş olar.
O insanların həbsdə qalması dövləti güclü etmir. Əksinə, onların hər birinə vətəndaş gözüylə baxmaq lazımdır.
Bugün o insanların bir qismi azadlıqda olsaydı, Azərbaycan daha bir ilini -2026-cı ili AŞ PA-dan kənarda qalmazdı.
Bu üzücüdür.
Cəbhə xəttində məğlub etdiyimiz Ermənistan bugün AŞ PA-da təmsil olunur. Avropa İttifaqı ilə sıx əməkdaşlığa keçib.
Artıq ermənilər Avropaya sadə viza ilə gedirlər.
Biz də Avropa İttifaqı ilə illər əvvəl başlanan tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirməliyik.
Bu əməkdaşlıq həm təhlükəsizlik, xalqımıza gələcəkdə ləyaqətli həyat vəd edir.
Ermənistan bunu edir, biz niyə etməyək?
Ermənilərdən fərqli olaraq, demokratik dövlətçilik ənənəmiz var.
Ermənistan bir neçə il əvvəl Rusiyanın forpostu olanda Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasında xarici siyasət kursu kimi Avropa və Avroatlantik strukturlara inteqrasiya kursunu prioritet elan edib.
Pərviz Həşimli
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.