Qadınlarda uşaqlıq mioması ürək-damar xəstəlikləri riskini 80 faizdən çox artırır.
Redaktor.az xəbər verir ki, bu barədə Pennsylvania Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırmanın nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 41 yaş ortalamasına malik 2,7 milyon qadının məlumatları analiz edilib. Onların səhhəti 10 il ərzində izlənilib və mioma diaqnozu ilə infarkt, insult və periferik arteriya xəstəlikləri arasındakı əlaqə qiymətləndirilib.
Məlum olub ki, mioması olan qadınların 5,4%-i müşahidə dövründə ən az bir ürək-damar hadisəsi yaşayıb. Bu göstərici mioması olmayan qadınlarda 3% təşkil edib. Ümumilikdə, mioma diaqnozu ürək xəstəlikləri riskini 80 faizdən çox artırır.
Xüsusilə 40 yaşdan aşağı qadınlarda risk daha ciddi olub, bu qrupda ürək-damar xəstəliklərinin yaranma ehtimalı 3,5 dəfə yüksək qeydə alınıb. Riskin diaqnozdan 10 il sonra belə davam etdiyi bildirilib.
Alimlər bunun mümkün səbəbləri kimi xroniki iltihab proseslərini, hamar əzələ toxumasının həddindən artıq artmasını və birləşdirici toxumanın yığılmasını göstərirlər.
Tədqiqatçılar nəticələrin əlavə araşdırmaya ehtiyacı olduğunu vurğulasalar da, miomanın artıq ürək-damar xəstəlikləri üçün erkən xəbərdarlıq göstəricisi kimi nəzərdən keçirilə biləcəyini bildirirlər.