“Xalq Cəbhəsi təkcə Azərbaycanda yaranmayıb. Bildiyiniz kimi, SSRİ-ni dağıtmaq planları var idi. Bununla bağlı Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı saldı, SSRİ Əfqanıstanda uğurlar qazana bilmədi, büdcə boşalırdı, o vaxt ümumi həcmi bir trilyona çatan ulduz müharibələri layihəsini Amerika elan etdi... Belə bir vəziyyətdə SSRİ-də doğrudan da çətinliklər yarandı, nəhayət, Ronald Reyqanla Mixail Qorbaçov sualtı qayıqda görüşdülər, razılaşdılar. Bundan sonra yenidənqurma proqramları çərçivəsində guya demokratikləşmə gedirdi. Kommunist partiyalarına alternativ təşkilatlar yaranmalı idi. Məsələn, Litvada “Atmoda” təşkilatı, Ukraynada Xalq Cəbhəsi ilk nümunələrdəndir. Azərbaycanda da həmçinin. Lakin bizdə xalq hərəkatı ən çox Qərbi Azərbaycandan və Ermənistandan soydaşlarımızın qovulması, Qarabağda ermənilərin özbaşınalıqları səbəbindən yaranmışdı. Yəni separat hərəkatları ilə bağlı xalq ayağa qalxdı. Xalqın, milyonların ayağa qalxması həqiqət idi, səmimi idi. Xalq nə bilirdi ki, başında duranlar kimdir? Şübhəsiz ki, Xalq Cəbhəsi hərəkat forması alanda Kommunist Partiyası, KQB öz adamlarını bura salmağa çalışacaqdı. Bu, təbiidir. Xalq Cəbhəsinin üzvü olan sıravi adamların bundan nə xəbəri olsun? Məsələn, mən rayon hakimi idim. Hardan bilərdim ki, Bakıda Xalq Cəbhəsinin başında oturanlar kimlərdir? Bir hissəsi Ayaz Mütəllibova meyl edirdi, bir hissəsi Heydər Əliyevə. Belə şeylər duyurdum. Amma tam səmimi qarşılayırdıq ki, hər halda xalq üçün çalışırlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında 1992-1993-cü illərdə Ali Məhkəmənin sədri olan, sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, o dövrdə əksəriyyət hərəkata səmimi qoşulub: “Kimlər necə, hara qulluq edib, bunu bilmək çox çətin oldu. 1992-ci il 15 may tarixində o vaxtkı Dövlət Təhlükəsizliyi Komitəsinə gələndə İxtiyar Şirin (keçmiş baş prokuror-red), Pənah Hüseyn (sabiq baş nazir-red) və mən (Ali Məhkəmənin keçmiş sədri-red) arxivi imzalamaqla yapışdırdıq ki, açılmasın. Amma bizdən sonra açıldı, nə götürüldü, nə verildi, bilmirəm. Nəyə görə arxivi açmadılar, bunu da indiyə qədər bilmirəm. Bəhanə hesab edirəm, çünki deyirdilər ki, arxiv açılsa, guya hamı bir-birini öldürəcəkdi. Dəfələrlə tələb olunmuşdu, amma təəssüf ki, arxiv açılmadı. Bilinmədi, kimlər hara qulluq edib, niyyətləri nədir... Nəticədə nə oldu? Xalq Cəbhəsinin qarşısına qoyduğu məsələlər var idi. Milli Azadlıq Hərəkatı, sonra müstəqillik, demokratikləşmə, hüquqi dövlət, hətta vahid Azərbaycan ideyası var idi. 1993-cü ildə AXC hakimiyyətə gələndən sonra bu ideyalar yaddan çıxdı. AXC müstəqilliyi çıxmaqla digər vəzifələrini yerinə yetirmədiyi halda, partiyaya çevrildi. Yəni partiyalaşma problemi başladı və bu məsələlərin hamısı yarımçıq qaldı. Təəssüf edirəm. Arxiv açılmalı idi. Arxivlər təkcə AXC dövründə deyil, indi də açılmayıb. Hazırda məsələnin nə dərəcədə aktual olduğunu bilmirəm, hər bir halda arxivlər açılsa, yaxşı olar...” - o bildirib.
Aytəkin Qardaşova