BAKI, TurkicWorld, Nailə Babazadə
İranın Rusiyadakı səfiri Kazım Cəlali təsdiqləyib ki, bu həftə İran və Rusiya prezidentləri Türkmənistanda görüş keçirəcək. Masud Pezeşkian və Vladimir Putin Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunun çərçivəsində danışıqlar aparacaqlar.
TurkicWorld xəbər verir ki,Cəlali əlavə edib ki, İranın xarici işlər naziri Abbas Əraqçi gələn həftə Moskvaya gedərək yüksək səviyyəli Rusiya rəsmiləri ilə müzakirələr aparacaq. O, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsini vurğulayıb və ilin əvvəlində İran və Rusiya arasında imzalanmış genişmiqyaslı strateji sazişi ikitərəfli münasibətlərin inkişafına addım kimi qiymətləndirib.
Qeyd edək ki, İran prezidenti son olaraq Qazaxıstana gəlib və Orta Asiya turuna başlayıb, səfəri Türkmənistanı da əhatə edəcək. Qazaxıstan səfəri zamanı Pezeşkian rəsmi görüşlərdə iştirak edəcək, sənədlər imzalayacaq və ticarət konfransına qatılacaq. Türkmənistanda onun proqramına yüksək səviyyəli rəsmilərlə görüşlər və “Sülh və Etimad” konfransında iştirak daxildir.