Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp ən azı 1 milyon dollar ödəyən əcnəbilərə sürətləndirilmiş yaşayış icazəsi və vətəndaşlıq imkanı verən “Gold Card” proqramını rəsmi olaraq işə salıb.
Bizimyol.info xəbər verir ki, Tramp sosial mediada proqramın “təhlükəsizlik yoxlamasından keçən şəxslər üçün birbaşa vətəndaşlıq yolu” açdığını bildirib.
Rəsmi məlumata görə, 1 milyon dollarlıq ödəniş müraciət edən şəxsin ölkəyə “əhəmiyyətli fayda” verəcəyinin sübutu sayılır. Şirkətlərin əməkdaşlarını bu proqramla dəstəkləməsi üçün isə 2 milyon dollar tələb olunur. Yaxın zamanda 5 milyon dollara “platinum” versiyanın da təqdim ediləcəyi gözlənilir.
Müraciətçilər əlavə olaraq geri qaytarılmayan 15 min dollarlıq emal haqqı ödəməlidir. Proqram ilin əvvəlindən bəri xüsusilə Demokratlar tərəfindən tənqid olunur. Tənqidçilər varlı şəxslərə üstünlük yaradıldığını deyir, Tramp isə kartın “yüksək səviyyəli peşəkarları” ölkəyə cəlb etməyi hədəflədiyini vurğulayır.
Tramp administrasiyası miqrasiya siyasətində genişmiqyaslı sərtləşdirməyə gedib. Prezidentin səyahət qadağasına daxil olan, əsasən Afrika və Yaxın Şərqdə yerləşən 19 ölkənin vətəndaşlarının miqrasiya müraciətləri dayandırılıb.
Hökumət sığınacaq müraciətləri ilə bağlı bütün qərarları da təxirə salıb və Co Bayden dövründə təsdiqlənmiş minlərlə işin yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.
“Gold Card” Vaşinqtonun miqrasiya siyasətini sərtləşdirdiyi dövrdə tətbiq olunur. ABŞ administrasiyası son aylarda viza rüsumlarını artırıb, icazəsiz miqrantların deportasiyasını sürətləndirib və bəzi ölkələrin vətəndaşlarının miqrasiya müraciətlərini dayandırıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.