Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru, təhsil eksperti Şahin Rəcəbov QHT.az-a açıqlamasında bildirib ki, ana dilinin təbliği və qorunması üçün məktəbdən ailəyə, mediadan rəqəmsal mühitə qədər bütün sahələrdə davamlı və məqsədyönlü iş aparılmalıdır.
Ekspertin sözlərinə görə, bədii ədəbiyyat və qiraət ana dilinin inkişafında əsas vasitələrdən biridir. Bu baxımdan məktəblərdə ədəbiyyat dərslərinin çəkisinin artırılması, məktəb kitabxanalarının zənginləşdirilməsi, ədəbi-bədii gecələrin və müsabiqələrin təşkili xüsusi əhəmiyyət daşıyır:
"Müəllimlər öz aralarında və şagirdlərlə ünsiyyətdə ana dilimizə xüsusi əhəmiyyət və diqqəti ifadə etməli, məktəb kollektivində, məktəb iştirakçıları arasında Azərbaycan dilinə olan sevgi və hörmət daim müşahidə olunmalıdır. Müasir rəqəmsal texnologiyaların tətbiqində milli dildə proqramlar hazırlanmalı və geniş istifadə olunmalıdır. Əlbəttə ki, ana dilinin ilk tədrisi ailədə formalaşır. Valideynlər uşaqlarla evdə xarici dil öyrənsin deyə xarici dildə danışmamalı, ana dilini təşviq etməlidirlər. Uşaqlar xarici dil hazırlıqlarına gedərkən onların ana dilini unutmamasına fikir verilməli, dilin yaddaşa və düşüncəyə təsir etdiyi izah edilməlidir. Əlbəttə ki, ana dilinin qorunmasında bir çox mühüm faktorlar rol oynayır. Kütləvi informasiya vasitələri, özəl televiziya kanalları ana dilinin zənginliyi, mühafizəsi və təbliği ilə baglı xüsusi təbliğat aparmalı, mediada çoxsaylı yazılar, televiziyalarda verilişlər hazlrlanmalldır. Bu çox mürəkkəb və kütləvi işdir. Bu işin həyata keçirilməsində bütün cəmiyyət üzvləri səfərbər olmalı, Azərbaycan dilinin nəinki öz ölkəmizdə dünyada və türk dövlətlərində ortaq zəngin bir dil kimi təbliğ olunmasında hər birimiz bir töhvə verməliyik. Bir sözlə bütün ictimaiyyət və hər vətəndaşın diqqətini Azərbaycan dilinə cəlb etməli və bunu milli həmrəylik göstəricisinə çevirməliyik"
Pərvanə Fərhadqızı