AZ

Azərbaycan–Slovakiya əlaqələrinin strateji məzmunu daha da dərinləşir - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Bratislavaya rəsmi səfəri Avropanın yeni siyasi reallıqlar fonunda Cənubi Qafqaz siyasətində aktiv rol oynamağa çalışan ölkələrdən biri olan Slovakiyanın Azərbaycanla əməkdaşlığını daha sistemli və çoxşaxəli formata keçirmək niyyətini təsdiq edir. Bu səfər təkcə ikitərəfli münasibətlər tarixində deyil, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat dəhlizləri və Cənubi Qafqazın yeni siyasi arxitekturası kontekstində mühüm strateji addım kimi qiymətləndirilir.

Danışıqların mahiyyəti göstərdi ki, tərəfləri birləşdirən təkcə iqtisadi maraqlar deyil, həm də suverenlik fəlsəfəsi, müstəqil xarici siyasət xətti və yeni təhlükəsizlik çərçivəsində əməkdaşlıq modelidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Azər Kərimli söyləyib.

O bildirib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanın iqtisadi gücünü və Avrasiya məkanındakı rolunu yüksək qiymətləndirməsi də təsadüfi deyil: “Onun Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmasını xüsusi vurğulaması ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir. Slovakiya Prezidenti Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanmasını alqışlayaraq bu prosesi “uzun illərdən sonra regionun sabitliyinə yol açan addım” kimi qiymətləndirdi, Azərbaycan cəmiyyətinin diqqətinin inkişaf və postmüharibə mərhələsinə yönəldiyini vurğuladı. Bu, Avropa məkanında Azərbaycanın yaratdığı postmüharibə reallıqlarına münasibətdə artan anlayış və dəstəyin mühüm siyasi indikatorudur”.

Deputat qeyd edib ki, Slovakiya müdafiə sənayesi sahəsində ən qabaqcıl Avropa ölkələrindən biridir. Özüyeriyən artilleriya sistemləri, sursat istehsalı və digər müdafiə texnologiyaları sahəsində təcrübəsi Azərbaycanın maraqları ilə üst-üstə düşür. Prezident Pelleqrini ilk dəfə açıq şəkildə bəyan etdi ki, tərəflər təkcə silah satışı deyil, birgə istehsal, texnologiya transferi, Azərbaycanın sərmayəsi və Slovakiya texnologiyalarının sinergiyası əsasında yeni hərbi məhsulların üçüncü ölkələrə ixracı imkanlarını müzakirə edirlər. Bu, artıq münasibətlərin yeni mərhələsidir və Azərbaycanın müdafiə sənayesinin texnoloji modernləşməsi Avropa modelinə inteqrasiya edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlığın məqsədi müharibə deyil, sənaye və texnoloji potensialın genişləndirilməsidir. Bu vurğu Azərbaycanın postmüharibə dövrünün dinc inkişaf doktrinasına uyğundur.

“Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı rol Avropa üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözlərinə görə, Orta Dəhlizin ən təhlükəsiz və etibarlı hissəsi Azərbaycan üzərindən keçir, ölkə öz infrastrukturunu genişləndirmək üçün növbəti illərdə milyardlarla sərmayə qoyur, Slovakiya da bu logistika xəttində mühüm tranzit mərkəzlərindən biri ola bilər. Azərbaycan və Slovakiya prezidentlərinin müzakirələri göstərdi ki, iki ölkə data mərkəzlərinin yaradılması, süni intellekt infrastrukturu, rəqəmsal sənaye sahəsində uzunmüddətli əməkdaşlığa başlayır. Bu əməkdaşlıq Avropanın rəqəmsal suverenliyi və enerji səmərəliliyi üçün mühüm strateji xətt hesab olunur.

Slovakiya şirkətlərinin Qarabağda “ağıllı kənd” layihəsində iştirakı Avropanın regionun yenidən qurulmasına real töhfəsinin yeni nümunəsidir. Prezident Pelleqrini, həmçinin bildirdi ki, Slovakiya İxrac-İdxal Bankı Azərbaycan layihələrini maliyyələşdirməyə hazırdır. Bu göstərir ki, Qarabağın bərpası artıq qlobal iqtisadi layihələr üçün yeni platformaya çevrilir, Avropa şirkətləri regiona böyük həcmdə sərmayə yatırmağa maraqlıdır, Azərbaycan postmüharibə modelini beynəlxalq əməkdaşlıq üçün açıq saxlayır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Zəfər Gününün beşinci ildönümündə Slovakiya Baş nazirinin müavini və müdafiə nazirinin Bakıda iştirakı xüsusi rəmzi məna daşıyır. Bu jest Slovakiyanın Cənubi Qafqazda yeni təhlükəsizlik reallığını tanımasının simvolik nümayişi idi. Bütün bunlar Azərbaycan–Slovakiya əlaqələrinin strateji məzmununu daha da dərinləşdirir və Prezident İlham Əliyevin səfərini iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirməyə əsas verir”, - deyə A.Kərimli vurğulayıb.

Seçilən
29
azertag.az

1Mənbələr